Bu zavodda 15 növ çörək bişəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu zavodda 15 növ çörək bişəcək

Bu zavodda 15 növ çörək bişəcək


Şəmkirdə çörək zavodu açılıb. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib.

Müəssisənin maketi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal - su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə salıb.

Çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.

Zavodda “Nəfis çörək” brendi ilə ilkin olaraq 15 növ - sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır.

Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.

Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi

http://azertag.az/xeber/810703

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *