Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində... – FOTO

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


ABŞ-da prezident seçkilərinin dünyanı heyrətə salan nəticələri belə görünür ki, hələ çox müzakirə olunacaq. Ona görə yox ki, son günlərə qədər bu seçkilərin favoriti Hillari Klinton hesab olunurdu və Donald Trampın qalib gəlməsi ABŞ üçün reallaşması az etimal olunan ən qorxunc ssenari sayılırdı. Ona görə ki, bu seçkilərin çox uzağa gedən geosiyasi nəticələri olacaq və ekstravaqant milyarderin dünyanın ən qüdrətli dövlətini idarə etməsi hər cür sürprizlərlə müşaiyət oluna bilər.

Çoxları ABŞ-dakı bu seçkiləri sistemin dərin böhran yaşamasının sübutu kimi qiymətləndirirdi. Ona görə ki, lap əvvəldən Amerika siyasi sistemi dünyanın indiki böhranlı vəziyyətində bu superdövləti idarə etməyə layiqli namizədlər ortaya qoya bilmədi. Ölkənin iki ən qocaman partiyasından biri-Respublikaçılar bu yaxınlara qədər dünya gözəllik müsabiqələri keçirib gözəlçələrlə əylənən, siyasətdən anlayışı olmayan daşınmaz əmlak maqnatını prezidentliyə namizəd kimi irəli sürüb dünyanı heyrətə saldı.

Bəs hakimiyyətdə olan demokratlar nə etdi? Onlar iki prezidentlik müddəti ərzində ABŞ-ı idarə edən və zəif prezident imicinə malik olan Obamadan sonra keçmiş dövlət katbini-keçmiş birinci xanımı irəli sürdülər. Keçmiş prezidentin xanımının prezidentliyə iddia etməsi ABŞ siyasi sistemində sülalə ənənələrinin yaranması haqda narahatlıqlara, tənqidlərə səbəb oldu. Çünki bundan əvvəl ABŞ-da atadan sonra (dərhal sonra olmasa da) oğulun prezident seçilməsi təcübəsi var idi və nəticədə haqlı olaraq sual yaranırdı: başqa ölkələrdə hakimiyyətlərin sülalə prinsipi ilə ötürülməsini tənqid edən ABŞ özü bu cür edirsə o zaman demokratik sistemin böhranı haqda danışmamaq olarmı?

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


Lakin ABŞ-da bu məsələni tez unutdular, media, iri biznes və maliyyə dairələri, hətta Respublikaçılar partiyasının bir sıra nüfuzlu xadimləri Trampa qarşı birləşdi. Onun Rusiya prezidenti Vladimir Putinə şəxsi simpatiyasını hər fürsətdə ifadə etməsi, ola bilsin hətta Putinlə gizli əlaqələrə malik olması, Rusiyanın öz təsir dairəsini genişləndirmək üçün aqressiv taktkasını davam etdirməsi və belə vəziyyətdə Trampın Amerikanın dünya liderliyinə iddia etməyib ancaq öz sərhədləri daxilində təhlükəsizliyini təmin edəcəyi haqda tamamilə Kremlin maraqlarına uyğun gələn platforması Hillari Klintonu prezidentliyə yeganə münasib namizədə çevirmişdi. Və belə görünürdü ki, amerikalılar da “iki pis namizəddən ən az pis olanına” səs verməyə hazırdır.

Kifayət qədər çirkaba bulaşmış seçkiqabağı təbliğat kampaniyası da Trampın şansının olmadığı haqda qənaət formalaşdırırdı. Seçkilərə təxminən ay yarım qalmış onun bir neçə il əvvəl qadınlar haqda işlətdiyi vulqar ifadələr kompromat kimi mətbuatda yayılanda Trampın kampaniyası doğrudan da böyük zərbə aldı. Rəqib düşərgə onun az qala hər qarşısına keçən qadını zorlamağa hazır olan manyak obrazını yaratmağa çalışdı.

Lakin hay-küy səngiyəndə bəzi peşəkar seçki texnoloqları bildirdilər ki, Trampın qadınlarla necə əylənmək barədə “təlimatlarının” yayılması əslində onun xeyrinə olacaq. Çünki qadınlar üzdə belə kişiləri lənətləsələr də qəlblərinin dərinliklərində onlara simpatiyaları olur və deməli həmin kompromat qadınlar arasında Trampın tərəfdarlarını artıracaq.

İndi Trampın böyük üstünlüklə qalib gəlməsində bu amilin nə dərəcədə rolu olub, onu demək çətindir. Ancaq Trampın cəmi bir-iki çıxışı kifayət edirdi ki, amerikalıların ona yüksək rəğbəti təmin olunsun. Məsələn, Trampın müsəlmanları Amerikaya buraxmayacağı haqda hələ praymeriz kampaniyası dövründə dedikləri onun reytinqinin kəskin sıçrayışla artmasına səbəb oldu. Və Trampın müsəlmanlara qarşı çıxışı radikal islamın dünya üçün bir nömrəli təhdidə çevrildiyi indiki vaxtda onun amerikalılar arasında dərin rəğbət qazanmasını başlıca səbəbi hesab oluna bilər.

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


Trampın digər populist, ancaq amerikalıların xoşuna gələn çıxışı isə qeyri-leqal mühacirlərin Amerikadan qovulması barədə olmuşdu. Hər seçkilərdə prezidentliyə namizədlər ABŞ üçün ciddi başağrısına çevrilmiş bu problemin həlli yolları haqda müxtəlif vədlər verirlər. Lakin məsələnin ən populist və sadə həll yolunu Tramp təklif etdi: milyonlarla meksikalı qeyri-leqal mühaciri Amerikadan qovmaq və Meksika ilə sərhədə hasar çəkmək!

Əlbətdə, Tramp müsəlmanların Amerikaya girişinin məhdudlaşdırılması kimi bu vədini də yerinə yetirməyəcək, yaxud istəsə də yerinə yetirə bilməyəcək. Ancaq populizm öz işini görüb və sistem böhranı yaşayan Amerika demokratiyası sübut edib ki, bu cür ekstravaqant vədlər verən siyasətçinin uğur qazanmaq şansı nə dərəcədə böyükdür.

Seçki kampaniyası dövründə Trampa qarşı istifadə edilən əsas kompromatlardan biri də qadınlarla yanaşı ,onun Putinə şəxsi simpatiyası və Rusiya ilə gizli əlaqələrinin olması barədə idi. Qeyd etmək lazımdır ki, Trampı bu mövqeyinə görə nəinki ABŞ-da topa tuturdular, eyni zamanda Avropada onun mümkün prezidentliyinə az qala dünyanın sonu kimi baxırdılar.

Məsələn, Baltikyanı ölkələrdə Trampın prezident seçiləcəyi təqdirdə Rusiyanın qarşısında necə dayanacaqlarını təsəvvür etmək belə istəmirdilər. Lakin nəticələr göstərir ki, Amerikanın qlobal liderliyi və hansısa Baltik ölkələrini Rusiyadan qoruması seçicilərin heç vecinə də deyil. Onları ancaq öz ölkələrinin sərhədləri daxilində təhlükəsiz yaşamaq maraqlandırır. Və müsəlmanları sərhəddən buraxmayan və meksikalıları sərhədin o tayına qovan Tramp amerikalıları tamamilə qane edir.

Seçki kampaniyasında Trampa qarşı əsas kompromatlar onun qadınlar haqda düşüncələri və Putinə şəxsi simpatiyası idisə Hillari Klintonun əsas başağrısı dövlət katibi olarkən şəxsi elektron poçtundan dövlət işləri barədə yazışmalar aparması idi. Lakin ictimai rəydə belə görünürdü ki, bu səhvə baxmayaraq seçicilər Hillari Klintonu prezident kimi görməyə hazırdır.

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


Və seçkilərə cəmi bir neçə gün qalmış FTB heç kimin gözləmədiyi halda elan etdi ki, Hillari Klintonun elektron yazışmaları ilə bağlı təhqiqatı yenidən başladır. Çünki bu yazışmalarda məxfi məlumatların sızdırıla biləcəyinə dair yeni şübhələr yaranıb. FTB direktoru Ceyms Kominin bu bəyanatı aydın səmada ildırım çaxması effektini yaratdı. Axı FTB bununla seçki kampaniyasının ən kritik mərhələsinə müdaxilə etmiş olurdu və siyasətçilər dərhal Ceyms Komini seçkilərə müdaxilədə günahlandırmağa başladılar. Hillari Klintonun reytinqi isə gerilədi, Tramp onunla aralarındakı fərqi minimuma endirməyə nail oldu. Və növbəti gözlənilməz hadisə: seçkilərə cəmi iki gün qalmış Ceyms Komi bəyan etdi ki, Hillari Klinton barədə təhqiqatı dayandırır, çünki şübhələr özünü doğrultmayıb.

FTB-nin seçkilərə cəmi bir neçə gün qalmış Hillari Klinton barədə təhiqatı başlayıb iki gün qalmış dayandırması nə demək idi? Bəlkə Amerika “dərin dövləti” belə qənaətə gəlmişdi ki, Hillari Klintonun prezident seçilib hər fürsətdə nüvə raketlərini havada “yelləyən” Putinlə münasibətləri daha da gərginləşdirəcək, bununla da dünya nüvə müharibəsinə doğru gedəcək? Və hesab etdilər ki, nə qədər ekstravaqant, proqnozlaşdırılmayan biri olsa da Putini özünün dostu adlandıran Tramp daha münasibdir? Hər halda FTB-nin Hillari Klintonun kampaniyasına bu zərbəsi barədə çox danışılacaq, ən müxtəlif fərziyyələr irəli sürüləcək.
Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


Heç bir şübhə yoxdur ki, Amerika seçkilərinin nəticələrindən Trampın seçki qərargahından sonra ən çox məmnun olan Kremldir. Təsadüfi deyil ki, Trampı ilk təbrik edən xarici ölkə lideri də Putin oldu. Axı zarafat deyil, dünyanın ən böyük dövlətində “Putinin adamı” imicini qazanmış biri hakimiyyətə gəlir. Hansı ki, o, seçiləcəyi təqdirdə Krımı Rusiyanın tərkib hissəsi kimi tanmağa, az qala NATO-nu ləğv etməyə, başqa ölkələrə demokratiya sırımaqdan imtina etməyə hazırdır.

Oktyabrın 8-də axşam saatlarında Rusiya hərbi qaynaqları bildirmişdi ki, Aralıq dənizinə cəmləşdirilən hərbi gəmi qruplaşması, habelə qanadlı raketlərlə təchiz olunmuş sualtı qayıqlar, o cümlədən Xmeymim aviabazasındakı aviaqruplaşma yaxın saatlarda Suriyanın Hələb şəhərinə şiddətli zərbələr endirməyə başlayacaq.

Putin Aralıq dənizinə “Admiral Kuznetsov” təyyarədaşıyanı başda olmaqla böyük gəmi qruplaşmasını Amerika seçkilərinə bir neçə gün qalmış cəmləşdirmişdi. Qərb kəşfiyyatı bildirirdi ki, məqsəd “Əl-Nüsra” yaraqlılarının və Amerikanın dəstəklədiyi mötədil müxalifətin nəzarətində olan Hələbə həlledici zərbə endirməkdir. Və Amerikada səsvermənin başlamasından az sonra Rusiya Müdafiə Nazirliyindəki mənbələr gəmilərin və təyyarələrin “yaxın saatlarda” Hələbə güclü zərbələr endirəcəyini mətbuata sızdırdı.

Niyə məhz noyabrın 8-də bu məlumat sızdırılmışdı və Rusiya bu güc nümayişini niyə ABŞ-da seçkilərin ilkin nəticələrinin açıqlanması ilə eyni vaxta təyin etmişdi?

Yenidən birqütblü dünyaya doğru, bu dəfə Putinin liderliyində...


Putinin stilinə bələd olanlar yaxşı bilir ki, Rusiya prezidenti sürprizləri xoşlayır. Son günlərə qədər əksər rəy sorğuları, media Hillari Klintonun irəlidə olduğunu göstərirdi. Və Putin bunu nəzərə alaraq istər Suriya, istər digər geosiyasi məsələlərdə Rusiya ilə sərt danışacağını deyən Hillari Klintonun ehtimal olunan qələbəsini raketlərlə və bombalarla qeyd etməyə hazırlaşırdı.

Lakin seçkilərin nəticələri əsl sürpriz oldu- məğlub olacağı az qala bitmiş məsələ sayılan Tramp elə ilk seçki qutuları açılanda, ilk ştatlarda nəticələr elan olunanda önə keçdi və axıra qədər də bu liderliyini saxladı. Və maraqlıdır ki, Rusiya gəmi qruplaşmasının, təyyarələrinin Hələb xarabalıqlarına yaxın saatlarda başlayacağı elan olunan zərbələri də baş vermədi...

İndi Kremldə Trampın qələbəsi ilə ABŞ-la qarşıdurma dövrünün arxada qalacağına ümid edə bilərlər. Bu isə Putin üçün lap göydəndüşmədir. Trampın sayəsində o, nəinki Yaxın Şərqdə, eləcədə Şərqi Avropada, Balkanlarda itirilmiş mövqeləri geri qaytara, Rusiyanı yenidən superdövlətə çevirə bilər. Və bir qədər tələsik nəticə kimi alınsa da belə demək olar ki, ABŞ-dakı seçkilərin nəticələri yenidən birqütblü dünyaya doğru meylləri gücləndirəcək, ancaq bu dəfə Putinin liderliyində...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *