ABŞ prezidentliyinə namizəd Trampın sərvəti 10 milyardı ötüb
Prezidentliyə namizəd Donald Tramp Federal Seçkilər Komissiyası qarşısında gəlirləri haqqında hesabat verib. Təqdim edilmiş hesabat sənədində Donaldın sərvəti 10 milyard dollar dəyərində göstərilib.
ANS PRESS-in "Tass" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə namizədin seçki qərargahından bildirilib. Komissiyaya təqdim edilən sənədə əsasən Trampın gəliri 557 milyon dollardır. Bu rəqəmə dividendlər, faizlər, kapitalın artımı, kirayə haqları və qonorarlar aid deyil. Bu rəqəm ötən ilin iyul ayından sonra Trampın nə qədər qazanc əldə etdiyini göstərir. Halhazırda milyarderin ümumi varidatı 10 milyarddan artıqdır.
Donald Tramp deyib ki, komissiyaya təqdim edilmiş hesabatı 104 səhifədən ibarət olub. Komisiyyanın fəalliyəti ərzində ən böyük hesabata sahib olduğundan qürur duyan namizəd özünü digər rəqibləri ilə müqayisə edib. "Berni Sandersin öz balaca hesabatı üçün son təslim tarixini biraz daha uzatmaq istəməsi gülüncdür" , - deyən Tramp özünə əminliyini nümayiş etdirib.
Hillari Klinton öz növbəsində Trampı tənqid edib. Xanım qeyd edib ki, Donald hələ də öz vergi hesabatlarını təqdim etməyib.
Klinton halhazırda Demokratlar partiyasından prezidentliyə ən real namizəd kimi hesab olunur. Respublikaçılardan isə Donald Tramp xanım Hillarinin yeganə güclü rəqibidir.
Mənbə:> ANSPRESS