Tramp qalib gəldi, Kruz kampaniyanı dayandırdı
ABŞ-da prezidentliyə namizəd Ted Kruz İndiana praymerisinin ilkin nəticələri bəlli olduqdan sonra namzidəlik uğrunda yarışı “ürək ağrısı” ilə dayandırdığını elan edib.
İndiana ştatındakı səsvermədə üçüncü yeri tutan Con Kasiç isə namizədlik yarışında qaldığını elan edib. O, sözçüsü vasitəsilə ilə bildirib ki, bu kampaniyada sonadək davam etmək niyyətindədir.
Tramp Ted Kruzun atasını prezident Kennedinin qatili Lii Harvey Osvalda yaxın olmaqda ittiham edib.
ABŞ prezidentliyi seçkisinə Respublikaçılar Partiyasından namizədlər arasında lider Donald Tramp İndiana ştatında keçirilən praymeridə qalib gəlib.
İlkin məlumata görə, onun bu ştatdakı 57 seçki nümayəndəsinin hamısını qazandığı bildirilir.
ABŞ mediası xəbər verir ki, səslərin sayılması davam etsə də, Tramp indiyədək sayılmış səslərin 54 faizinə sahib olub.
Onun ən yaxın rəqibi Ted Kruzun göstəricisi 33 faizdir. Üçüncü yerdə Ohayo ştatının qubernatoru Con Kasiç gəlir.
Beləliklə, Donald Tramp artıq indiyədək 1041 seçki nümayəndəsinin mandatını əldə edib.
Əgər Nyu York milyarderi respublikaçıların iyulda keçirləcək konventinə qədər 1237 seçki nümayəndəsi toplaya bilsə, qeyd-şərtsiz prezidentliyə namizəd olacaq.
Reuters bildirir ki, bunun üçün onun Kaliforniya və Nyu Cersi ştatlarında qalib gəlməsi kifayətdir.
Klinton Trampı hədəflədi
İndianada keçirilən demokrat praymerisində Hillari Klinton 52 faiz səslə irəlidədir. Berniye Sanders səslərin 48 faizini əldə edib.
İndianada keçirilən praymeri seçkiləri namizədlərin bir-birinə qarşı əndazəni aşan tənqidləri ilə yadda qalacaq.
Ted Kruz Trampı “patoloji yalançı” adlandırıb.
Respublikaçılar Partiyasının rəhbərliyində olanlardan bir çoxu Donald Trampın namizədliyini istəməsələr də, onun namizədliyə doğru “zəfər yürüşünü” dayandıra bilməyiblər.
İndi respublikaçıların düşərgəsində böyük əndişə və çaşqımlıq var, demokratların yarışına liderlik edən Hillari Klinton isə bəyan edib ki, o artıq bütün diqqətini Trump-ın üzərinə yönəldəcək.
Mənbə:> ANSPRESS