Ərdoğandan Davudoğluya sərt sözlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda istefaya gedən Əhməd Davudoğlu barəsində sərt fikirləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzetinin yazarı Əbdülqadir Selvin müəllifi olduğu məqalədə qeyd edib.
Məqalədə vurğulanır ki, Prezident Ərdoğan hələ Əhməd Davudoğlu baş nazir olduğu dövrdə onu ciddi tənqid edərək, “söz pəhləvanı” adlandırıb.
Bildirilib ki, Prezident R.T.Ərdoğan mayın 5-də AKP-dən olan millət vəkilləri ilə bir araya gələn zaman partiyanı daha fəal idarə etməyə və indidən 2019-cu il seçkilərinə hazırlamağa səsləyib:
“Həmin görüş zamanı Ərdoğan açıq şəkildə bəyan etdi ki, əgər partiya uğur qazanarsa, o zaman həm güclü hökumət, həm baş nazir, həm də prezident seçilər.
Bundan başqa, Ərdoğan Davudoğlu haqqında belə demişdi:
“Mən Səudiyyə Ərəbistanına gedirəm, 15 gün sonra Davudoğlu da Səudiyyə Ərəbistanına səfər edir. Mən ABŞ-dan qayıdıram, 15 gün sonra Davudoğlu Amerikaya getməyə hazırlaşır. Bütün bunları anlaya bilmirəm”.
Ərdoğan bu fikirləri Davudoğlunun istefasından az əvvəl söyləmişdi. Bu bir daha onu göstərir ki, Ərdoğan Davudoğlunun baş nazir kimi fəaliyyətindən qəti razı deyildi”.
Mənbə:> Publika.az