Azərbaycan bankları dollar satışına limit qoyublar? – YENİLƏNİB
Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.
Bunu Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.
Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".
Maliyyə nizamlayıcısı vurğulayıb ki, banklar müştərilərin tələbatını ödəmək üçün kifayət qədər xarici valyutaya malikdir: "Bu məsələ bizim nəzarətimiz altındadır. Bundan başqa, əgər müştərilər banklarda xarici valyutaların satışında məhdudiyyətlərlə üzləşərsə, bizə müraciət edə bilərlər. Biz lazımi tədbirlər görəcəyik".
* * *13:22
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.
O, “Report”a açıqlamasında bunları deyib: “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?
Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.
Mənbə:> Trend