Palata: Dollar satışına heç bir limit qoyulmayıb
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların dollar satışına heç bir limit qoyulmayıb.
Bunu Oxu.Az-a açıqlamasında MBNP-nın mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.
Onun sözlərinə görə, banklarda dollar satışına limit qoyulması ilə bağlı palatadan heç bir göstəriş verilməyib:
“Məsələ bizim qurum tərəfindən ciddi nəzarətə götürülüb. Vətəndaşlara da müraciət etdik ki, banklardan valyuta almaq istəyənlər limitlə üzləşdikdə dərhal məlumat versinlər. Elə bir ajiotaj da müşahidə olunmur. Rəsmi olaraq, dollar satışına limit MBNP tərəfindən qoyula bilər, amma biz belə bir limit qoyulması barədə məlumat verməmişik”.
Elşən Allahverdiyev qeyd edib ki, bankların kifayət qədər xarici valyuta ehtiyatları var ki, istənilən müştərini razı yola salsınlar.
Qeyd edək ki, mətbuatda banklarda dolların satışına limit tətbiq edilməsi barədə məlumat yayılıb.
Mənbə:> Oxu.Az