Neft Fondunun builki fəaliyyətinə dair beş önəmli
“Dövlət büdcəsinin Neft Fondundan asılılığı azalıb”.
“Bu günlərdə Dövlət Neft Fondu (SOFAZ) 2016-cı ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Fondun cari il üçün gəlir və xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb”.
Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb və Dövlət Neft Fondunun builki fəaliyyətinə dair 5 önəmli məqamı açıqlayıb.
“Birincisi, bu ilin birinci yarısında Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri manatla 24,6% artaraq 301,5 milyon manata bərabər olsa da, dollarla qazanc 18% azalaraq 188,5 milyon dollar olub.
Halbuki ötən ilin eyni dövründə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri həmin dövrə olan məzənnə ilə 230 milyon dollar təşkil edirdi.
SOFAZ-ın investisiya portfelinin 79,6%-i istiqrazlar və pul bazarı alətləri, 11,1%-i səhmlər, 5,5%-i daşınmaz əmlak və 3,8%-i isə qızıl təşkil edib.
Aktivlər arasında ən yuxarı gəlirlilik əmlak, ən aşağı gəlirlilik isə istiqrazlar və pul bazarı alətlərində qeydə alınıb.
Neft Fondunun aktivlərinin 45% Avropa, 27% Asiya/Sakit okean, 23% Şimalı Amerika dövlətlərindədir. Aktivlərin 34,6% 1 ilə qədər, 22,4%-i 1 ildən 3 ilədək, 13,1%-i 3 ildən 5 ilədək, 9,43%-i 5 ildən çox müddətdə, 20,45%-i isə müddətsiz olaraq səhmlər, daşınmaz əmlak və qızılda yerləşdirilib.
İkincisi, SOFAZ-dan 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 760 milyon manat və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə az vəsait dövlət büdcəsinə transfert edilib. Nəticədə, bu ilin dövlət büdcəsində neft gəlirlərinin payı, eləcə də dövlət büdcəsinin Neft Fondundan asılılığı azalıb.
Üçüncüsü, bu ilin 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat və ya ötən ilin eyni dövrünün xərclərinin 62%-i qədəri olub. Belə ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil etmişdi. SOFAZ-ın idarə edilməsi ilə bağlı xərclərinin azalması onun yeni inzibati binaya köçəndən sonra icarə xərclərinin ixtisar olunmasının və mövcud maliyyə resurslarından rasional istifadəsinin göstəricisi sayıla bilər.
Dördüncüsü, əgər bu il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə, SOFAZ-ın büdcədənkənar xərci yaranmış və 65,4 milyon manat təşkil etmişdirsə, əksinə, ötən il bu mənbədən Fondun 8 milyard 13 milyon manat çox büdcədənkənar gəliri olub. Bu il SOFAZ-ın büdcədənkənar xərcinin yaranmasının başlıca səbəbi “Breksit” hadisəsi ilə əlaqədar olaraq funt sterlinq və avronun məzənnəsində baş verən dəyişikliklərlə izah oluna bilər.
Nəhayət beşincisi, son 1 ildə Fondun aktivləri 665 milyon ABŞ dolları və 1,85% azalaraq 35 milyard 118 milyon ABŞ dollarına bərabər olub. Bununla yanaşı, onu da qeyd edək ki, 2016-cı il iyulun 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəli ilə müqayisədə 4,6% artıb”, - deyə iqtisadçı qeyd edib.
Mənbə:> Oxu.az