Dövlət Neft Fondunun aktivləri artdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat yayıb.
ANS PRESS-in ARDNF-ə istinadla verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 131,9 milyon manat, büdcə xərcləri isə 8 041,2 milyon manat təşkil edib.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 7 399,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 47,5 milyon manat vəsait ayrılıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 18,0 milyon manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə 40,0 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi üçün isə 223,5 milyon manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 33,5 milyon manat təşkil edib.
2014-cü ilin 9 ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 962,7 milyon manat təşkil edib. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 966,4 milyon manat təşkil edib.
2014-cü il oktyabrın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,98% artaraq 37 305,3 milyon ABŞ dollarına bərabər olub.
Mənbə:> ANSPRESS