Azərbaycana gələn ərəb turistlərinin sayı kəskin artıb
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.
Ötən ilin may ayı ilə (99 nəfər) müqayisədə 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a bildirilib.
“Son bir neçə il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay Əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin 2015-ci ilin noyabrdan etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş verib”, - deyə nazirlikdən qeyd edilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli