Azərbaycan “İTB Berlin 2016” turizm sərgisində – FOTO
Mədəniyyət və Turizm Nazirliyinin Berlində təmsil olunduğu “İTB Berlin 2016” beynəlxalq turizm sərgisi öz işinə başlamışdır
Cari ilin 09 – 13 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2016” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev təmsil olunur. Sərgidə, həmçinin, 14 yerli turizm şirkəti (SW travel, Greenwich Travel, Geo-travel, AZ Terra, ENC Tours, Galaxy Travel, The Tour, Al travel, Atropatena travel, Gilan Tourism, Green Apple, Khazar Travel, Pasha Travel) iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 17 – 19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək “Formula 1 Avropa Qran Prisi”-nin təşkilat komitəsi də təmsil olunur.
AzNews.info-ya nazirlikdən verilən məlumata görə, bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Sərgi müddətində 09-10 mart tarixində Azərbaycanın milli stendində Nazirliyin Almaniya Federativ Respublikasinda turizm təmsilçiliyini həyata keçirən “AVIAREPS Tourism” şirkətinin təşkilatçılığı ilə Almaniyanin aparıcı tur operatorları ilə işgüzar görüşlər keçirilmişdir. Almaniya tərəfindən görüşlərdə "Dertour", "OST&FERN Reisedienst GmbH", "Biblische Reisen", Orientaltours", "Thomas Cook Belgium", Bis Aktivreisen", "Trail Natur-und Erlebnisreisen", AT Reisen GmbH və digər şirkətlər iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, ötən il ərzində Almaniyadan ölkəmizə 15 000 nəfərdən çox turist səfər etmişdir. Bu isə 2014-cü illə müqayisədə 1300 nəfərdən çox artım deməkdir.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edir.
Mənbə:> AzNews.info