Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilib
25 fevral 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilmişdir. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilmişdir. AzNews.info-nun məlumatına görə, iclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə Nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanmışdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.
Mənbə:> AzNews.info