İlham Əliyevin yaratdığı Apellyasiya Şurası ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti Apellyasiya Şurasının yaradılması ilə bağlı mətbuat üçün açıqlama ilə çıxış edib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti mətbuat vasitəsilə aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırır:
"Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur.
Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənib. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və sahibkarlar ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər.
Ölkə prezidentinin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addım Azərbaycan Respublikasının Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasıdır.
Qeyd olunan Fərmanının qəbul edilməsinin zərurəti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi və mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsi məqsədi daşıyır.
Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Yerli icra hakimiyyəti orqanlarının və Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər
Bundan əlavə, sahibkarlar Yerli icra hakimiyyəti orqanlarının və Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edə biləcəklər".
Açıqlamada bildirilir ki, qeyd olunan islahat nəticəsində yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artıb.
"Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamədə Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.
Ümumiyyətlə, sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaq.
Fürsətdən istifadə edərək, bütün KİV nümayəndələrinə səmərəli əməkdaşlığa görə minnətdarlığımızı bildirir, yaranacaq suallara da növbəti açıqlamalarımızda münasibət bildiriləcəyini diqqətə çatdırırıq", - deyə açıqlamada bildirilir.
Mənbə:> Oxu.Az