SOCAR-AQŞ “Bulla” yatağında qazma işlərinə başlayır – FOTO
SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin başçılığı ilə geniş tərkibli nümayəndə heyəti ‘’Bulla‘’yatağında yeni inşa edilmiş 6 saylı dərin dəniz stasionar özülünün (DDSÖ) istismara verilməsi mərasimində iştirak edib.
Bu barədə Oxu.Az-a SOCAR-AQŞ-dən bildirilib.
6 saylı özüldə həyata keçirilən işlərlə tanışlıq zamanı SOCAR prezidentinə qazma meydançasında quraşdırılan yeni qazma qurğusu – Drillmec 3000 HP-nin əsas texniki göstəriciləri və fərqli xüsusiyyətləri barəsində ətraflı məlumat verilib.
SOCAR-AQŞ özüldə yeni nəsil qazma qurğusu Drillmec 3000 HP-dən istifadə edərək quyu tikintisi işlərinə başlayacaq.
Yeni özüldə 4 qaz quyusunun qazılması nəzərdə tutulub.
Özüldə qazılacaq quyular yüksəktəzyiqli və normal temperaturlu xususiyyətlərə malik olduğundan müəssisə xüsusi qazma metodlarından istifadə etməklə quyu tikintisini həyata keçirməyi planlaşdırır.
Qeyd etmək lazımdır ki, Drillmec 3000 a/g Azərbaycan milli qazma sənayesində analoqu olmayan yeni nəsil qazma avadanlığı olmaqla bir sıra üstünlüklərə malikdir.
3000 at gücünə malik qazma qurğusunun istifadəsi nəticəsində ümumi çəkisi 525 ton olan 13.5/8” qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə imkan yaranacaq. Atqıya qarşı preventorlar bloku 1000 Atm. təzyiqə hesablanmış və kor-kəsici sıxac ilə təchiz edilib.
Qazma qurğusunda tətbiq olunan atqıya qarşı kürəli siyirtmə isə (İBOP) 1000 Atm. təzyiq ilə işləməyə hesablanıb və uzaqdan idarə olunur.
Bununla yanaşı, qüllənin quyu üzərinə sürüşdürülmə sistemi tam avtomatlaşdırılımış qaydada işləyir.
Kabelin, məhlulun geri axını və yüksək təzyiqli boru xətlərinin montaj və demontaj olunmasına ehtiyac yaranmır.
Qazma nasosunun oymaqları, yarımoxlarıvə qapaqların dəyişdirilməsi üçün xüsusi alət ilə təchiz olunmuşdur. Bu isə öz növbəsində tez işlənən ehtiyat hissələrinin qısa zamanda dəyişdirilməsinə imkan yaratmaqla yanaşı boşdayanmaların vaxtını da xeyli azaldır.
Qazma meydançasında quraşdırılan məhlul çənlərinin maraqlı xüsusiyyətlərindən biri də avtomatik doldurma sisteminə malik olması və məhlulun transfer olunması sistemi ilə təchiz olunmasıdır. Bu sistemlərin tətbiqi ətraf mühiti çirklənmədən qoruyur və qazma məhlulunun hazırlanma prosesini sürətləndirir.
R.Abdullayev qazma meydançasında həyata keçirilən işlərdən məmnunluğunu ifadə edərək, SOCAR-AQŞ rəhbərliyinə işlərində yeni uğurlar arzu edib.
SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev çıxış edərək bildirib ki, SOCAR-AQŞ respublikamız üçün böyük əhəmiyyət kəsb edən neft-qaz yataqlarında müasir texnika və texnologiyalardan istifadə etməklə qazma işlərini Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə yekunlaşdıraraq sifarişçiyə təhvil verəcəyinə əmindir.
Daha sonra R.Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma qurğusu - Drillmec 3000 HP-ni işə salan düyməni basaraq yeni özüldə qazmaya başlanmasına start verib.
SOCAR prezidenti neftçilər qarşısında çıxış edərək bildirdi ki, yeni özülün ərsəyə gəlməsində komanda işinin düzgün qurulması böyük rol oynayıb.
Yeni özülün əhəmiyyətini vurğulayan SOCAR prezidenti iş sahələri ilə tanışlıqdan sonra müvafiq strukturlara konkret tapşırıqlar verib.
Mənbə:> Oxu.Az