“Şahdəniz 2” üzrə işlərin 70%-ə yaxını görülüb
BP biznes əməliyyatları hesabatını açıqlayıb.
2015-ci il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 482 milyon dollar əməliyyat xərcləri və 4,37 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.
Oxu.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin ötən il üzrə açıqladığı biznes əməliyyatları hesabatında öz əksini tapıb.
“2015-ci ildə “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.
Bu dövr ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (təqribən 18,3 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir”, - deyə şirkətdən qeyd edilib.
Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).
Bundan başqa, şirkətdən verilən məlumata görə, 2015-ci ildə Şahdəniz Mərhələ 2 irəliləməyə davam edərək bir sıra əsas işlərin həyata keçməsinə nail olub.
“Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 66%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Dördüncü rübdə Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Volqa-Don kanalı vasitəsilə təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib.
Bu seksiyaların çəkisi ümimilikdə 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. Seksiyalar Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə birləşdiriləcək. Ümumi inşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz 2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək. Digər bir nailiyyət isə ilk iki sualtı fontan armaturunun sınaq işlərini bitirərək İngiltərənin Lids şəhərindən Bakıya çatdırıması olub.
2015-ci ilin sonunda Azərbaycanda artıq 20 000-dənçox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır”, - deyə BP-nin açıqladığı hesabatda bildirilib.
Mənbə:> Oxu.Az