AÇG-nin hasilatı 8 milyon ton olub
Bu ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyon dollar əsaslı məsrəflər xərclənib.
"BP Azərbaycan" şirkətindən ANS PRESS-ə bildirilib ki, ilk rübdə AÇG-də sabit hasilat davam edib. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (159 000), Qərbi Azəri (129 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (149 000) və Qərbi Çıraq (99 000) platformalarından birlikdə – gündə orta hesabla 661 000 barel (b/g) və ya ümumilikdə 59 milyon barel, yəni təqribən 8 milyon ton təşkil edib. Birinci rübdə Qərbi Çıraq gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 000 barel səviyyəsinə çatdırıb.
Rübün sonunda ümumilikdə AÇG-də 84 neft hasilat quyumuz və 40 qaz və su injektor quyu istismarda olub.
İlk rübdə AÇG-də dörd neft hasilat quyusu qazılıb. AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 13,6 milyon kubmetr, ümumilkdə isə 1,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG-də iştirak payları belədir: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).
Mənbə:> ANSPRESS