Neft quyularının sayı artır, hasilat isə azalır – FOTO
Bu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənib.
ANS PRESS-in məlumatına görə, bu barədə "BP-Azərbaycan" şirkətinin 2015-ci ilin 1-ci yarısında həyata keçirilən biznes əməliyyatlarının nəticələri barədə yaydığı məlumatda bildirilir. Hesabatda Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited”, "Şahdəniz" yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited”, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri şirkətlərinin layihələrinə aid məlumatlar yer alıb.
2015-ci ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənib. AÇG-də stabil hasilat davam edib. Altı ayda AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (157 000), Qərbi Azəri (107 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (145 000) və Qərbi Çıraq (106 000) platformalarından birlikdə – gündə orta hesabla 641 000 barel və ya ümumilikdə 116 milyon barel, yəni təqribən 16 milyon ton təşkil edib.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq biz may ayında "Qərbi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirilib. Plana əsasən may ayında "Qərbi Azəri" platformasından hasilat təxminən 22 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmiş bu işlər tam təhlükəsiz şəkildə başa çatdırıldı.
Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda idi. 2015-ci ilin birinci yarısında AÇG-də doqquz neft hasilat quyusu və bir suvurma quyusu qazılıb.
AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 milyon kubmetr, ümumilkdə isə 2,1 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Birinci yarım il ərzində terminal təqribən 154 milyon barel neft və kondensat, o cümlədən təqribən 135 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16,3 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib. Həmçinin birinci yarım ildə terminaldan gündəlik orta hesabla 28,8 milyon standart kubmetr (1 milyard 17 milyon standart kubfut) "Şahdəniz" qazı ixrac olunub.
Birinci yarım il ərzində Bakı-Tiflis-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar xərclənib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. Uzunluğu 1 768 km olan BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təqribən 2,23 milyard barel (298 milyon ton) xam neft Ceyhanda təxminən 2 940 tankerə yüklənmiş və dünya bazarlarına göndərilib. BTC vasitəsilə təqribən 18 milyon ton (135 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 188 tankerə yüklənib. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Altı ayda "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 0,25 milyard dollar əməliyyat xərcləri və 2,26 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Hasilata gəlincə, "Şahdəniz" yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Bu dövr ərzində yataqdan 5,2 milyard standart kubmetr qaz və 1,2 milyon ton (təqribən 9,8 milyon barel) kondensat hasil olunub. Mövcud "Şahdəniz" qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.
"Cənubi Qafqaz Boru Kəməri" (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və 559 milyon dollar əsaslı xərc çəkilib. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır. İlk altı ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr qaz olub.
BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. Əldə olunmuş mühüm bir nailiyyət də iyun ayının sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanması olub. O vaxtdan bəri tikinti işləri artmaqda davam etmiş və 10 km uzunluğunda boru kəməri qaynaq edilib, daha 7 km məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilib.
Geoloji kəşfiyyat
2015-ci ilin birinci yarısı ərzində BP Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyasını başa çatdırdı. Bu işlərin tamamlanması üçün təqribən 18 ay tələb olundu. Bundan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur. Bundan əlavə, BP 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında SOCAR-la yeni haziların pay bölgüsü sazişi də imzaladı.
Azərbaycanda 15 mindən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. İkinci rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 866 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.
Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.
Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2015-ci ilin birinci yarısı ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 2,56 milyon dollar xərcləyib. Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.
"Caspian Barrel" Neft Araşdırmalar Mərkəzinin hesabatla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, müqavilə sahəsində intensiv qazma işlərinin aparılmasına baxmayaraq hasilatda geriləmə qeydə alınıb. Belə ki, 2015-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 87 istismar quyusundan həyata keçirilib. Hesabat dövründə konsorsium müqavilə sahəsində 9 hasilat quyusu və 1 suvurma quyusu qazıb. Nəticədə bu ilin iyun ayının sonuna 87 hasilat və 40 texniki quyu (suvurma və qazvurma) istismarda olub. Bunun nəticəsində konsorsium AÇG-dən 116 milyon barel neft hasil edib.
2014-cü ilin eyni dövründəki vəziyyət isə belə olub: müqavilə sahəsində 81 hasilat quyusu və 36 texniki quyu istismarda olub. Bu dövrdə konsorsium 8 hasilat quyusu və 1 suvurma quyusu qazıb. 2014-cü ilin I yarıısında AÇG üzrə hasilat 118,8 milyon barel təşkil edib.
Mənbə:> ANSPRESS