Xoşbəxt Yusifzadə: Azərbaycanın 4 milyard ton neft ehtiyatı var
Hasilat başlandığı tarixdən bu günədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 368 mln. ton neft, 109 mlrd. kubmetr qaz hasil edilib.
Oxu.Az xəbər verir ki, bunu bu gün Bakıda öz işini davam etdirən “Caspian Oil&Gas 2015” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X.Yusifzadənin sözlərinə görə, indiyədək AÇQ yataqlar blokundan hasil edilən neftin 200 milyon tonunu Azərbaycanın mənfəət nefti təşkil edib:
“Azərbaycanın mənfəət nefti ilbəil artır. 2014-cü ildə yataqlar blokundan hasil edilən 34 milyon ton neftin 22,5 milyon tonu, yəni 66%-i Azərbaycanın mənfəət nefti olub”.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əhəmiyyətindən danışan X.Yusifzadə qeyd edib ki, 2015-ci il iyunun 1-dək dünya bazarlarına 381 mln. ton neft ixrac olunub.
“Bunun da 275 mln. tonu BTC ilə nəql olunan neftin payına düşüb”.
Azərbaycanın karbohidrogen ehtiyatları barədə danışan X.Yusifzadə qeyd edib ki, ölkənin 2 milyard tondan çox çıxarıla bilən kondensat ehtiyatı var.
Qaz ehtiyatları barədə danışan X.Yusifzadə qeyd edib ki, “Şahdəniz” yatağının 1,2 trln. Kubmetr, “Ümid” yatağının 200 mlrd. kubmetr, Abşeron yatağının 350 mlrd. kubmetr, “Darvin bankası” yatağının 400 mlrd. kubmetr qaz ehtiyatı var.
“Azəri-Çıraq-Günəşli və köhnə yataqların qaz ehtiyatlarını da üzərinə gəlsək, deyə bilərik ki, Azərbaycanın 2 trilyon 600 milyard kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz ehtiyatı var. Kəşf edilmiş bu yataqlardan əldə edilmiş məlumatlar Babək, Naxçıvan, Zəfər-Məşəl, Araz-Alov-Şərq, Asiman-Şəfəq strukturlarının perspektivinə inamımızı artırır. Onların da proqnoz ehtiyatlarını da nəzərə alsaq, Azərbaycanda 6 trilyon kubmetr qaz və 4 milyard ton neft ehtiyatı var.
Mənbə:> Oxu.Az