SOCAR azərbaycanlılara satılan qazın həcmini açıqladı
Bu ilin oktyabr ayında “Azəriqaz” İB-də əhali sektoru üzrə 7 778 yeni abonent qeydiyyata alınıb.
Oxu.Az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunun 3 001-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun, 4 777-si isə regionların payına düşüb.
“Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 68 111 təşkil edib. Bu göstəricinin 24 904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43 207-si isə regionlar üzrə olub.
Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142,862 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş isə 113,2% təşkil edib”, - deyə SOCAR-dan bildirilib.
SOCAR-dan verilən məlumata görə, noyabrın 1-nə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli