Xəzər Dəniz Gəmiçiliyinin sərnişin gəmiləri təmirə dayandı
Qarşıdakı payız-qış aylarında dəniz neftçilərinin iş yerlərinə rahat çatdırılması Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin önəmli vəzifələrindən biridir. Bu səbəbdən neftçilərə xidmət edən gəmilərin texniki vəziyyətinə xüsusi diqqət yetirilir.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a bildirilib.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda bir aydır ki, dok təmirinə saxlanılan “General Əsədov” gəmisinin sualtı hissəsi tam təmizlənərək rənglənib, baş və köməkçi mühərrikləri təmir olunub, hava kompressorları, nasosları, bütün elektrik avadanlığı yoxlanaraq tənzimlənib. Gəminin avar valı, əsas və köməkçi sükan qurğularında da təmir işləri görülüb.
Hazırda “General Əsədov”un suüstü hissəsi və göyərtələri təmizlənərək rənglənir, xilasetmə qurğusunda, yaşayış və xidməti otaqlarında zəruri təmir işləri aparılır” - deyə, QSC-dən bildirilib.
Qeyd edək ki, daha bir sərnişin gəmisi – dəniz neftçilərinə xidmət göstərən 67 nəfərlik “MPK-470” bu ilin may ayından “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Təmir müddətində gəmidə gövdə-qaynaq işləri ilə yanaşı, mexaniki və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri görülüb. Hazırda körpüdə sınaq işləri aparılır, gəmi gövdəsinin rənglənməsi prosesi yekunlaşmaq üzrədir.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli