Azərbaycan daha üç gəminin tikintisinə başlayacaq
2016-cı ilin may ayına kimi Bakı Gəmiqayırma Zavoduna sifariş verilmiş 3 ədəd sərnişin gəmisinin təhvil alınması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev 2014-cü ilin yekunlarına həsr olunmuş iclasda bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə cəmiyyətin daxili imkanları hesabına və dövlətin dəstəyi ilə 1 tanker, 3 təchizat və yedək, 2 quru yük gəmisinin alınıb və Bakı Gəmiqayırma Zavoduna 3 sərnişin gəmisinin tikintisi sifariş olunub.
Cəmiyyətin sədri növbəti illərdə həyata keçirilməsi planlaşdırılan məsələlərə də toxunub:
“Bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qarşısında duran əsas məqsəd strateji inkişaf istiqamətinin və “Azərbaycan Respublikasında Gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət proqramı”nın təsdiqi, Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi sahəsində beynəlxalq İSO sertifikatlarının alınmasıdır. Tikinti sahəsində də müəyyən işlər görməliyik.
“Zığ” Gəmi Təmiri Zavodunun tikintisinin 2-ci mərhələsini başa çatdırmalıyıq. Donanmanın yenilənməsinə gəlincə isə 2016-cı ilin may ayına kimi Bakı Gəmiqayırma Zavoduna sifariş verilmiş 3 ədəd sərnişin gəmisinin təhvil alınması və “Gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan gəmilərin tikintisinə başlanılması planlaşdırılır”- deyə, Rauf Vəliyev bildirdi.
Mənbə:> Oxu.az