Azərbaycan yeni gəmilər aldı
“Qafqazinfo”nun xəbər verir ki, QSC-dən AzərTAc-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bu günlərdə Sinqapurun “Pacc Offshore Services Holding Ltd” şirkətinin nəzarəti ilə inşa olunan yedək-təchizat gəmisi alıb. Müasir standartlara cavab verən, DP-2 sistemi ilə təchiz edilən gəmi texniki göstəricilərinə görə Xəzər dənizində birincidir. Gəmidən Xəzərdə nəzərdə tutulan bir çox layihələrdə, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Mərhələ-1” çərçivəsində işlərdə istifadə olunacaq. Gəmiyə Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın adı veriləcək.
Alqı-satqısı başa çatan ikinci nəqliyyat vasitəsi isə Rusiya Federasiyasına məxsus gəmiqayırma müəssisəsinin istehsalı olan quru yük gəmisidir. Dedveyti 5490 ton olan gəminin uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metrdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyacaq bu gəmi Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda bu ilin may ayında hər biri 80 nəfər sərnişin tutumuna malik üç gəminin inşası ilə bağlı müqavilə də imzalanıb.
Mənbə:> Qafqazinfo.Az