Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda – FOTO
Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.
Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Dövlətimizin başçısının birbaşa tapşırığına əsasən Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da ən müasir idman infrastrukturu yaradılır, yeni Olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva əvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.
Mehriban Əliyevaya stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, stadionda işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur. Mükəmməlliyi ilə diqqəti cəlb edən, 70 min tamaşaçı tutumu olacaq, altımərtəbəli stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan tikinti işlərinin əsas hissəsi başa çatıb. Beynəlxalq standartlara tam cavab verəcək bu idman obyektində əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina, müxtəlif funksiyalı tribunalar və digər infrastruktur tikilir. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq, stadionun ətrafında əsaslı abadlıq və geniş yaşıllaşdırma işləri aparılacaq.
2012-ci ilin noyabrında tammiqyaslı inşasına başlanılan stadionda işlər layihə üzrə nəzərdə tutulduğu kimi gələn ilin fevralında yekunlaşacaq. Beləliklə, Bakı Olimpiya Stadionu gələn il ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarınadək istifadəyə veriləcək.
Tikinti işlərinin gedişi ilə tanış olan birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış oldu. Məlumat verildi ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və videomüşahidə sistemləri də quraşdırılacaq.
Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır. Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəldi.
Məlumat verildi ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir. Bildirildi ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar, arakəsmələr və tavan işləri görülür. Qeyd olundu ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur, su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub. Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə də məlumat verildi. Bildirildi ki, layihəyə uyğun olaraq sarayın fasadının yenidən üzlənməsi işləri həyata keçirilir. Binada təmir işləri ilin sonunadək yekunlaşacaq.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırıb və inşaat işlərinə başlanılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış oldu.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki, idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcəkdir. Bundan başqa, sarayda fitnes zalları, SPA mərkəzi, trenajor zalları, restoran, 100 nəfərlik konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil dayanacağı yaradılacaq.
Bildirildi ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaqdır.
Mənbə:> ANSPRESS