Xəzərdə ən iri üzən dok – FOTO
Hazırda “Zığ” Gəmi Təmiri Zavodunda yeni üzən dokun tamamlama və sınaq işləri aparılır.
ANS PRESS-in Azərbaycan Xəzər Gəmiçilik QSC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiyanın Nijni Novqorod şəhərindəki Gəmi Təmiri-Gəmiqayırma Korporasiyasının mütəxəssisləri 2013-cü ildə Bakıya yedəkdə gətirilmiş 6 blokun yerində birləşdirilməsini uğurla həyata keçiriblər.
Bu müasir gəmiqaldırma vasitəsinin təməli Nijni Novqorodda 2012-ci ilin yanvarında qoyulub. Birinci blok həmin ilin noyabrında suya buraxılıb.
Müstəqillik illərində Azərbaycan dənizçiləri üçün sifariş edilən ilk üzən dokun yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, bortunun hündürlüyü 13,35 metrdir. Xəzər hövzəsində ən iri üzən dokun inşası gəmilərimizin sudan qaldırılaraq təmir edilməsində əhəmiyyətli yenilikdir.
Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" QSC bu ilin sonunadək iri üzən doku istismara verməyi planlaşdırır.
Mənbə:> ANSPRESS