Azərbaycanda neftin maya dəyəri nə qədərdir?
Dövlət Neft Şirkətinin (SOCAR) 2013-cü il üçün audit olunmuş hesabatına əsasən deyə bilərik ki, SOCAR üçün neftin maya dəyəri 18 dollardan götürülüb.
Oxu.Az-a bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Bu SOCAR üçün ortalama qiymətdir. Söhbət həm qurudan, həm də dənizdən hasil olunan neftdən gedir”.
Onun sözlərinə görə, SOCAR-ın hasilatının 90%-i dənizin hesabına düşür. Dənizdən hasil olunan neftin maya dəyəri isə qurudan aşağı olur:
“Quruda maya dəyəri, götürdükdə bahadır. Çünki, qurudan neft az çıxır, ikincisidə qurudakı quyuların neft verimliliyi çox azdır. Dövlət Neft Şirkətinin hasilatının 90%-i dənizin hesabına düşür. Baxmayaraq ki, dənizdə maya dəyəri aşağıdır”.
Mütəxəssis növbəti il üçün neftin maya dəyərinin hansı həddən götürülə bilər? sualına da aydınlıq gətirib:
“Adətən neftin maya dəyəri növbəti il üçün real hasilat və real xərclər bunlar götürüldükdən sonra məlum olur. Ona görə də, maya dəyəri bu keçmiş zamanda olan məsələdir. Gələcək zamanda maya dəyəri olmur. Onu proqnozla etmək olar.
Hasilatın nə qədər olacağı ilə bağlı proqnoz olmadığına görə, neftin növbəti il üçün maya dəyərini hesablamaq da mümkün olmur” - deyə, İ. Şaban əlavə edib.
Öz növbəsində, digər bir mütəxəssis Azər Mehdiyev isə qeyd edir ki, neftin maya dəyəri hansısa qiymətdən götürülmür:
“Həqiqətən də neftin maya dəyəri hansısa qiymətdən götürülmür. Əlbəttə ki, şirkət əvvəlcədən maya dəyərini planlaşdırır, lakin maya dəyəri hasilat və nəqletmə şərtlərindən asılı olduğuna görə, bu şərtlər isə çox dəyişkən olduğundan maya dəyərini faktiki məlumatlar əsasında hesablayırlar. Hasilat xərcləri və maya dəyəri haqqında məlumat Şirkətin illik hesabatında olur ki, bu da ötən ilki vəziyyəti əks etdirir”.
İqtisadçı-ekspert Pərviz Heydərov isə bildirib ki, Azərbaycanda neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir:
“Ölkəmizdə neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir. Yəni, 2013-cü il üçün audit hesabatına əsasən neftin maya dəyərin 18 dollardan götürülməsi əslində düzgün qiymətləndirilməlidir. Digər məqam isə ondan ibarətdir ki, bu sahədə vəziyyət və müvafiq rəqəmlər sabit qalmır. Belə ki, hasilatın pik dövrü deyilən bir mərhələ var. Neftin maya dəyərinin ən ucuz dövrü məhz həmin mərhələyə aiddir. Başqa sözlə desək, hasilat enişə doğru gedəndə xərclər istər-istəməz artır”.
Qeyd edək ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, neftin maya dəyəri neft hasilatına çəkilən xərclər hesabına formalaşır.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli