SOCAR: Yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazırdır
Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi Qaradağ qazsaxlama sahəsinin qazpaylama məntəqəsində əlavə 5 quyuluq manifold sisteminin tikintisi sona çatdırılıb.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, burada 5 quyuluq manifold qovşağı tikilib, quyulara şleyf xətləri çəkilib, yeni şam xətti və şam separatoru, 1 ədəd tədqiqat separatoru, eləcə də mövcud separatorlara qoruyucu klapanlar quraşdırılaraq sistemlə əlaqələndirilib.
SOCAR-dan bildirilib ki, operator binası, emalatxana və anbar tikilib. Sahədəki qazpaylama məntəqəsinin genişləndirilməsinə başlanılıb.
“Burada 12 quyuluq yeni qazpaylama məntəqəsi tikilib, quyulara şleyf xətləri çəkilib, 2 ədəd məhsuldarlığı sutkalıq 7 milyon kubmetr, 2 ədəd məhsuldarlığı sutkalıq 10 milyon kubmetr olan nəql separatorları, 2 ədəd tədqiqat separatoru quraşdırılıb, əlaqələndirici xətlər çəkilərək mövcud sistemlə əlaqələndirilib.
Manifold xətlərində donmaların qarşısını almaq üçün 44 ədəd dozator nasosu quraşdırılıb, nasosxana inşa olunub. Qış mövsümündə texnoloji avadanlıqların və inzibati otaqların qızdırılması üçün qazanxana tikilib. Qazpaylama məntəqəsinin yanğınsöndürmə sistemi tələblərə uyğun yenidən çəkilib.
Qalmaz qazsaxlama sahəsində isə qazmadan alınmış və eyni xəttə işləyən quyuların qoşulması üçün qazpaylama məntəqəsinin genişləndirilməsi işlərinə başlanılıb. Sahədə əlavə 5 quyuluq manifold qovşağının tikintisinə start verilib, Qalmaz Qaz Kompressor Sahəsində məhsuldarlığı sutkalıq 10 mln. kubmetr olan 2 ədəd toztutucu quraşdırılaraq istismara verilib”-deyə, SOCAR-dan qeyd edilib.
Şirkətdən bildirilib ki, SOCAR-ın yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli