Daha iki kəndə təbii qaz verildi
Mayın 2-də Şamaxı rayonunun Nüyüdü və Şağyan kəndlərinə ilk dəfə təbii qaz verilib.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Şirkətin vitse-prezidentləri Mikayıl İsmayılov və Bədəl Bədəlov, “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 117 abonenti olan Nüyüdü kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10733 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 117 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 150 abonenti olan Şağyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 150 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İctimaiyyət nümayəndələri və ağsaqqallar Nüyüdlü və Şağyan kəndlərinə təbii qazın verilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mənbə:> Oxu.Az