Cəbhə rayonlarında görüş keçirildi
Füzuli rayonunun 1 və 2 nömrəli Qayıdış qəsəbələrinə təbii qaz verilib.
ANS PRESS-in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qəsəbə sakinlərini təbrik edib, respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı işlər həyata keçirildiyini, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin "mavi yanacaq”la təmin olunduğunu bildirib.
O, rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verib və deyib ki, ilin sonuna kimi rayonun bütün yaşayış məntəqələri qazla təmin ediləcək.
Ümumiyyətlə, 201 abonentin olduğu 1 №-li Qayıdış qəsəbəsinə 7562 metr, 137 abonentin olduğu 2 №-li Qayıdış qəsəbəsinə isə 7921 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilib, 338 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda rəmzi məşəl yandırılıb və hər iki qəsəbədəki evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.
Mənbə:> ANSPRESS