İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
AzNews.info Prezident Adminstrasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın potensialının tam üzə çıxarılmasına hərtərəfli zəmin yaradır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması vüsət götürüb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Bu məqsədlə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinin 2013-cü il 30 iyul tarixli Sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədi ilə ötən il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon, bu il isə 7,2 milyon manat vəsait ayrılıb.
Hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.
Mənbə:> AzNews.info