İki kənd və iki qəsəbəyə təbii qaz verildi
Bu gün Yevlax rayonunun Yuxarı Salamabad kəndinə, Qobustan rayonunun Poladlı kəndinə, Füzuli rayonunun “Qayıdış-8” və “Qayıdış-9” qəsəbələrinə təbii qaz verilib.
Oxu.Az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 275 abonenti olan Yevlax rayonunun Yuxarı Salamabad kəndinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında uzunluğu 11 649 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təchiz ediliblər.
Qobustan rayonunun Poladlı kəndinin 272 abonentinə təbii qazın verilməsi üçün 22 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 272 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Füzuli rayonunun 208 abonenti olan “Qayıdış-8” və 205 abonenti olan “Qayıdış-9” qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib. Bunun üçün “Qayıdış-8” qəsəbəsində birpilləli sistem əsasında uzunluğu 6743 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. “Qayıdış-9” qəsəbəsinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 2811 metr metal borularla qaz xətləri çəkilib, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli