SOCAR Gürcüstanda yeni YDM-lər açacaq
Bu il Gürcüstanda daha 5 yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulur.
ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, “SOCAR Energy Georgia” MMC-nin fəaliyyət sahələri əsasən, neft məhsullarının topdan və pərakəndə satışı, SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin, neft terminalları və anbarlarının tikintisi və səmərəli istifadə olunması, eləcə də yeni qaz kəmərlərinin çəkilməsi və mövcud qaz kəmərlərinin bərpa edilməsindən ibarətdir.
2014-cü il “SOCAR Energy Georgia” üçün uğurlu olub. Məhdud Məsuliyyətli Cəmiyyətin törəmə şirkəti olan “SOCAR Georgia Petroleum” Gürcüstanda “SOCAR” brendi altında işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirib. Hazırda qonşu ölkədə “SOCAR” brendi altında 112 yanacaqdoldurma stansiyası (bundan başqa, 1 ədəd qazdoldurma məntəqəsi) fəaliyyət göstərir.
İstehlakçıların tələbatını ödəmək üçün kompleks yanaşma tətbiq edilir ki, buraya da stansiyaların ərazisində yerləşən ticarət məntəqələri, otel kompleksləri, restoranlar, apteklər, avtomobilyuma sexləri və s. daxildir. 2015-ci ildə isə daha 5 yeni məntəqənin tikilib istifadəyə verilməsi, 4 məntəqədə isə rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur. Bu məntəqələrdə də istehlakçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, ötən il Gürcüstan bazarına ümumilikdə 314 697,2 ton həcmində neft məhsulu idxal edilib ki, bunun da 288 494,8 tonu Azərbaycan mənşəli məhsulların (17 899,209 ton benzin, 245 857,324 ton dizel, 34 495,599 ton aviasiya kerosini, 657,029 ton mazut, 4 252,54 ton bitum və 11 535,555 ton maye qaz) payına düşüb.
Mənbə:> ANSPRESS