"Azərbaycan şirkətləri Gürcüstanda aparıcı yer tutur"
Bakı Biznes Mərkəzində Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.
ANS PRESS-in məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu gün keçirilən forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edib.
O, Azərbaycan və Gürcüstan arasında iqtisadi - ticarət əlaqələri barədə məlumat verib.
Qeyd edib ki, hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının iştirakı ilə keçirilən biznes forum iş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək.
Rüfət Məmmədov Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırır. O, Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulayıb.
“Hazırda nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət və s. sahələrdə 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar”.
Mənbə:> ANSPRESS