Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı – FOTO

Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı
Həmişə cavan görünən azərbaycanlı əməkdar artist verdiyi yeni müsahibədə cavan qalmağının səbəbini də açıqlayıb.

ANS PRESS-in məlumatına görə, əməkdar artist Suğra Bağırzadə yaradıcılığı ilə bağlı milli.az-a müsahibə verib.

- Suğra xanım, sizi hamı "Ulduz" filmindəki Yetər obrazı ilə tanıyır. Sizin bu rola təsdiq olunmağınızın maraqlı tarixçəsi var. İstərdim ki, bu tarixçəni birgə vərəqləyək...

- Mən 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində "Cücələrim" mahnısını oxuyanda operator Yuliy Fogerman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi. Mən bu operatorun o vaxtdan yadında qalmışdım. Onu "Ulduz" filmini çəkmək üçün Bakıya dəvət edəndə o filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş etmişdi. Mən isə o vaxt kinostudiyada dublyajda aktrisa kimi bir çox filmlərin səslənməsində korifey sənətkarlarla birlikdə çalışırdım. Elə oldu ki, məni kinostudiyada çəkiliş qruppasına dəvət edib, Yetər obrazını mənə verdilər. Sözün düzü, filmin rejissoru mənim 15 yaşım olduğunu bildiyindən məni bu filmə çəkmək istəmirdi (gülür). Amma Yuliy Fogerman mənə bir operator gözü ilə baxmışdı və məni çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda o, mənə demişdi ki, çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən (gülür). Elə də etdim. Məni bu rola təsdiq etdilər.

- Suğra xanım, amma hazırkı filmlərin, demək olar ki, heç birində sizi görmürük.

- Hazırda o yaşımdır ki, mənə gələn dəvətləri gərək seçim. Rejissorlarla təmasda olmaq, onlarla iş görmək mütləq mənə maraqlı olmalıdır... Məni əsəbləşdirməməlidir. Son zamanlar mənə hansısa maraqlı bir obraz verilmədiyinə görə məni siz filmlərdə və seriallarda görmürsünüz. Amma bir maraqlı obraza dəvət gəlib. Bəlkə çəkildim, amma əvvəlcədən bu haqda danışmaq istəməzdim..

- Müsahibələrinizin birində filmlərdə qadın rollarının azlığından şikayətlənmişdiniz.

- Bəli, film və seriallarımızda maraqlı qadın obrazları çox azdır. Mən heç bilmirəm niyə belə edirlər? Ümumiyyətlə, mentalitetdə belədir ki, kişinin kişi olmağını qadın tərəfindən göstərirlər. Xanıma, anaya olan münasibətdə deyirsən ki, bu, əsl kişidir, yaxud kişi deyil. Bizim bu kişiləri filmə çəkəndə mütləq qadınları da göstərmək lazımdır. Vacib deyil ki, mütləq qadın həyat yoldaşı olsun. Qadın anası da, bacısı da, qonşusu da ola bilər.

- Suğra xanımı bu cür cavan saxlayan nədir?

- İnsanda özünə qulluq vərdiş olmalıdır. Əgər bu vərdiş olmasa, nə edirsən et, sən axıra kimi özünü qoruya bilməyəcəksən. Mən universitetdə oxuyandan bu günə kimi idmanla məşğul oluram. Cavan vaxtlarımda isə daha çox aerobika zallarına gedirdim. İnsan 30 yaşında başa düşür ki, ona nə lazımdır. Əgər o, ağıllı insandırsa. Daxili və xarici görünüşüm üçün, səhhətim üçün nə xeyirdisə bunu mən artıq vərdişə çevirmişəm. Hərdən olur ki, tənbəlləşirəm, deyirəm ki, bu gün idman etməyəcəyəm. O gün özümün-özümdən zəhləm gedir. Maska etmək elə də bir çətin proses deyil. Bunu ev işlərini görən zaman, yemək bişirən zaman da etmək olur. Mən kəsmiklə olan maskaları, meyvə tərəvəzlə olan maskaları edirəm.

- Yəqin ki, gözlərinizin rəngi sizə nəsildən irsən keçib...

- Mənim valideynlərimin ikisinin də gözü qaradır. Mənə atamın nənəsinin, Kərbəlayi Məşədi molla Suğra xanımın adını qoyublar. Bizim nəsildə bir onun, bir mənim böyük bacım Amaliyanın və mənim gözüm yaşıl olub. Atamın dayısı həmişə uşaqlıqda mənimlə zarafat edərək bu cür deyərdi: ay Suğra, mən sənə nənəmin adını qoydum. O məşədi, kərbəlayi, molla idi. Sən isə qısa yubkalarda səhnədə oxuyub oynayırsan. Belə şey olar? (gülür). Mən də demişdim ki, eybi yox, dayı, mən bu adı doğruldacağam. Bizim nəsildə hamının içində Məkkə ziyarətinə gedən ilk mən olmuşam. Həmişə mən bu ada hörmət edirəm. İndiyənə kimi də hamı mənə uşaqlıqdan Suğra xanım deyə müraciət edib. İcazə verməmişəm məni Suriçka və s. qəribə səslənən tərzdə çağırsınlar.

- Suğra xanım, təbiəti, çiçəkləri sevmədən onlarla işləmək mümkündürmü?

- Mənim iş materialım güllər, ağaclar və yarpaqlardır. Ümumiyyətlə, belə əsərləri yaratmaq üçün təbiəti çox sevmək lazımdır. Mən həmişə dibçəkdəki bitkimdən çiçək dərəndə onlardan üzr istəyirəm. Deyirəm ki, siz, onsuz da, bir həftədən sonra xarab olacaqsınız, amma mən sizin ömrünüzü uzatmaq istəyirəm. Güllər, həqiqətən də, canlıdır. 200 il bundan qabaq meşədə ağacları doğrayarkən hiss ediblər ki, başqa ağacların yarpağı tərpənir. Mənim evdə dibçək güllərim çoxdur. Xaricə səfər edəndə evdəkilər güllərimə baxırlar. Qayıdandan sonra bilirəm ki, onlar mənim üçün darıxıblar. Mən evə gələrkən artıq onlar çiçək də açırlar (gülür).

Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı
Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı
Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı
Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı
Azərbaycanlı aktrisa cavanlıq sirrini açıqladı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *