Maral Tahirqızı danışdı: “Məni canlı dinləyənlər şoka düşür” – VİDEO+FOTO
Son günlər sosial şəbəkələrdə fenomenə çevrilən və özünü dünyanın bir nömrəli ifaçısı kimi təqdim edən müğənni Maral Tahirqızı özüylə bağlı yazılanlara münasibət bildirib.
AzNews.info xəbər verir ki, Ailem.az-a danışan “dünyanın ən zil səsli müğənnisi” bəzi insanların ona olan davranışını və sosial şəbəkədə paylaşdığı şəkillərinə münasibətini səviyyəsizlik hesab etdiyini deyib: “Mən təbiəti, gözəlliyi və müsbət auralı adamları sevən biriyəm. Bunun üçün də müxtəlif şəkillər çəkdirirəm. Anlamıram, mən əsgərəm, düz dayanıb eyni tipli şəkillər çəkdirməliyəm? Təbiətdə müxtəlif şəkillər çəkdirmək nə vaxt qəbahət olub?! Mənim şəkillərim fərqlənməlidir. Haqqımda danışan adamlar isə özlərinə hörmət edib şəxsiyyətlərini qorusun, danışıqlarına fikir versinlər”.
Maral Tahirqızı özünəməxsus makiyaj stili haqda da danışıb: “Mən salona getməyi sevmirəm. Özüm edirəm və görürəm ki, çox gözəl alınıb. Mənim üçüm təbiidir. Heç bir plastik əməliyyat etdirməmişəm”.
Özünü “dünya üzrə ən zil səsə malik sənətçi” adlandıran Maral xanın bu məsələ ilə bağlı da açıqlama verib: “Mənim həqiqətən yüksək səs diapazonum var. Mən Milli Konservatoriyanı bitirmişəm. Arif Babayevin tələbəsiyəm. Konservatoriyada hər kəs mənim səsimə yığılırdı. O zaman tar alətinin simini çəkirdilər ki, mənim səsimə kökləsinlər. Sim sınırdı, amma mənim səsimə çatmırdı. Yadımdadır, muğam ifaçısı Qəzənfər Abbasov hər kəsin qarşısında and içdi ki, Azərbaycanda bu səsdə ikinci ifaçı yoxdur. “Səsli sənətçi” adını isə mənə Türkiyədə veriblər. Mənim orada konsertlərim keçirilib. O qədər alqışlar səslənirdi ki, mən mahnımı sona qədər ifa edə bilmirdim. İndi burda mənim bu boyda səsimə qiymət vermirlər. Mənim səsim dünya üzrə birincidir”.
Qızıl fondda 36 mahnısının olduğunu iddia edən Maral xanım illər öncə başına gəlmiş bir hadisəni də bizimlə bölüşüb: “2006-cı ildə mən səs yazma studiyasında mahnı yazdıranda səsimin gözəl olduğunu görən bəzi adamlar mənə quyu qazdılar. Orada pul verib, səsimi xarab yazdırdılar. İndi “Youtube”de olan mahnılarım tam mənim səsim deyil. Məni o zaman aldadıblar. Səsimi bilərəkdən elə xarab yazıblar. Səsimi canlı dinləyən adamlar hamısı şoka düşür. Çünki bu gün internetdə dinlədiyiniz mahnılar məni istəməyənlərin işidir. Mən hələ də o mahnılardakı səsimi təmizlədə bilmirəm”.
Mənbə:> Ailem.Az