Pul borcunu qaytarmayan tanışını öldürən gənc 9 il cəza aldı – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İntiqam Məmmədovun (1992-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 14-də axşam saat 21 radələrində Sabunçu qəsəbəsində İntiqam Məmmədov tanışı Rasim Əliyevlə (1988-ci il təv.) pivə içmək üçün kafeyə yollanıblar, orada isə aralarında olan 100 manat pul borcu ilə əlaqədar mübahisə yaranıb.
İntiqam Rasimdən borcunu istədikdə, sonuncu deyib ki, “yaxşı oğlanlar” arasında belə söhbətlər olmamalıdır, “əgər kimsə borc verib, pulunu təcili tələb edirsə, yaxşı oğlan deyil”. Kafedən çıxan tanışlar mübahisələrini küçədə davam ediblər, dava vaxtı Məmmədov üzərindəki bıçaqla Əliyevin döş qəfəsinə üç zərbə endirib. Yaralanan şəxs 3 saylı xəstəxanaya aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Hadisəni törədən İntiqam könüllü 12-ci polis bölməsinə gələrək, təslim olub. Onun verdiyi məlumat əsasında istintaq-əməliyyat qrupu hadisə yerini müəyyən etməklə baxış keçirib.
Araşdırma aparılarkən məlum olub ki, tutulan şəxslə mərhum bir məhəllədə yaşamaqla eyni orta məktəbdə oxuyublar.
Məhkəmə prosesində İntiqam Məmmədov elan olunan ittihamla özünü qismən təqsirli bilərək, törətdiyi cinayətdən peşman olmadığını bildirib, çünki həqiqətən Rasim Əliyevə lazım olan məqamda borc pul verib. İş həmin məbləğin qaytarılmasına çatanda isə sonuncu “oğru aləmi”nə aid ifadələr işlətməklə onu günahkar çıxarmağa başlayıb və pulu qaytarmaqdan imtina edib. Məmmədovun sözlərinə görə, küçədə münasibətlərini aydınlaşdırarkən mərhum onu ağır söyüşlərlə təhqir edib, o isə kafedən götürdüyü bıçaqla Əliyevə zərbələr vurub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az