Əynindəki köynəyə görə məktəbin həyətində dostunu öldürən gənc 9 il cəza aldı – FOTOREPORTAJ
Bakı Apellyasiya Məhkəməsində şəhər sakini Yusif Ələkbərzadənin (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il iyunun 4-ü axşam saat 23 radələrində Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbin həyətində Yusif Ələkbərzadə dostu, Yevlax rayon sakini Elçin Abbasova (1992-ci il təv.) döş qəfəsindən bir bıçaq zərbəsi vuraraq, onu ağır yaralayıb, nəticədə 3 saylı kliniki xəstəxanaya çatdırılan şəxs orada keçinib.
Araşdırmaya başlayan Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları şahidlərin söylədiklərinə əsasən müəyyən ediblər ki, cinayəti Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi Yusif Ələkbərzadə törədib. Həmin gecə şübhəli şəxs saxlanılıb, faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, axşam saat 22 radələrində Bakıxanov qəsəbəsinin Sülh küçəsində görüşərkən Elçin Abbasov Yusif Ələkbərzadədən geyinmək üçün əynində olan qısaqol köynəyini istəyib, lakin sonuncu köynəyi özü geyindiyinə görə verməkdən imtina edib. Bu zəmində aralarında mübahisə başlayıb, söhbəti davam etmək üçün 96 saylı məktəbin həyətinə yollanıblar. Orada Abbasov Ələkbərzadəyə iradını bildirərək, ona bir neçə yumruq zərbəsi vurub. Onun hərəkətlərindən hiddətlənən Yusif qisas almaq niyyəti ilə, üzərində olan bıçaqla Elçinin ürək nahiyəsinə zərbə endirərək, onu qəsdən həyatdan məhrum edib.
Məhkəmə prosesində Yusif Ələkbərzadə ittiham üzrə özünü qismən təqsirli bilərək Elçin Abbasovu vurduğunu, amma onu öldürmək fikrində olmadığını bildirib. O təxminən iki il olar ki, ortaq tanışları vasitəsi ilə Elçin adlı oğlanla dostluq edib. Ayın 4-də Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında görüşərkən Elçin köynəyindən xoşu gəldiyini və onu geyinmək istədiyini deyib, Yusif isə köynəyi təzə aldığını və özü geyindiyi üçün verə bilməyəcəyini bildirib. Belə olan halda Abbasov söyüş söyərək, onu təhqir edib, o da cavab olaraq dostunu söyüb. Həmin vaxt yanlarında Fuad, Rəhman və Zaur adlı tanışları da olub, Elçinin təklifi ilə məktəbin həyətinə gediblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Abbasov bıçaq çıxardaraq üzərinə gəldikdə, Ələkbərzadə dərhal şalvarının sağ arxa cibindən bıçaq çıxarıb. Elçin onu vurmaq istəyərkən, Yusif zərbədən yayınıb və əlindəki alətlə ona zərbə vurub, qaçıb. Bir qədər irəlidə bıçağı məktəbin həyətində atıb və evə gedib. Evdə anasına bıçaqla adam vurduğunu deyəndən sonra Sumqayıtda yaşayan babasının evinə gedib, lakin həmin gecə ölüm xəbərini biləndən sonra könüllü 13-cü bölməyə gələrək, təslim olub.
Zərərçəkən Vaqif Abbasov bildirib ki, oğlu Elçin tibb avadanlıqlarının satışı ilə məşğul olub. Həmin gecə qardaşı zəng edərək onun bıçaqlandığını və xəstəxanaya aparılmasını xəbər verib, ora getdikdə isə həkim Elçinin artıq öldüyünü deyib.
Məhkəmə tərkibi təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etməyib, ona görə ki, qarşılıqlı dava zamanı Abbasovun hərəkətlərindən qəzəblənən Ələkbərzadə bıçaqla zərbə endirərək, onu qəsdən öldürüb. Mərhumda kəsici alətin olması haqda təqsirləndirilən şəxsin
ifadəsi təsdiq edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Ələkbərzadə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işinə baxaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Mənbə:> Oxu.Az