“Duzlu göl”də tanışını huşsuz halda qoyub gedən şəxsə ağır cəza verildi
Sumqayıt Apellyasiya Məhkəməsində Masallı rayon sakini Ziya Məmmədquliyevin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2012-ci il iyulun 14-də Respublika klinik xəstəxanasına Masazır qəsəbəsindəki “Duzlu göl” ərazisindən koma vəziyyətində Abşeron rayon sakini Azad İlyasov (1988-ci il təv.) gətirilib.
Həkimlərin göstərdikləri tibbi yardıma baxmayaraq ayın 17-də xəstə vəfat edib.
Bununla əlaqədar Abşeron RPŞ İstintaq şöbəsindən toplanmış material istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna verilib. Həmin tarixdə Ziya Məmmədquliyev şübhəli şəxs qismində Masallı rayonunun Hacıtəpə kəndində saxlanılıb. İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.İlyasovun ölümünə kəllə-beyin travmasından irəli gələn qansızma səbəb olub.
Araşdırma zamanı Ziya Məmmədquliyevin 15 ilə yaxındır ki, Xırdalan şəhərində yaşaması, evli olması və tikinti sektorunda işləməsi məlum olub.
İstintaqla müəyyən olunub ki, iyulun 13-ü axşam saat 17-19 arası Ziya Məmmədquliyev tanışı Azad İlyasovla Novxanıda, dəniz kənarında fəaliyyət göstərən “Xəzri” restoranında yeyib-içiblər.
Araqla yanaşı pivə qəbul ediblər, sərxoş vəziyyətə düşən İlyasov oranın işçilərini davaya sövq edib, stol və stulları aşırdıb, nəticədə restoranın administratoru onları oradan qovub.
Sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan tanışı Ziya Seyfullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobilin arxa oturacağına əyləşiblər.
Novxanı-Bakı yolunun 6-cı km-də aralarında sözlü mübahisə başlayıb. Özünü tam idarə edə bilməyən İlyasov onu söydükdə, Ziya əvvəl ona maşında yumruqla zərbələr vurub, sonra isə sürücüdən avtomobili saxlamasını xahiş edib və Azadı yaxasından tutub çölə çıxarıb.
Səkinin qırağında tanışına daha bir neçə zərbə vurduqdan sonra, onu yenidən avtomaşına itələyərək salıb və sürücüdən sürməsini xahiş edib.
“Duzlu göl”ün yanından keçərkən Ziya maşını saxladıb və huşsuz vəziyyətdə olan Azadı salondan çıxardıb, orada olan daş plitələrdən birinə söykədib. Sonra Məmmədquliyev avtomobilə əyləşib Xırdalana gedib.
Səhərisi gün ailəsi ilə Masallı rayonunda yaşayan qohumlarıgilə yollanıb.
Məhkəmə prosesində Ziya Məmmədquliyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, Azadın ciddi xəsarətlər aldığını düşünməyib və güman edib ki, o özünə gələndən sonra evə gedib.
Zərərçəkən Nazim İlyasov ifadəsində göstərib ki, oğlu Azad Xırdalandakı fəhlə bazarında vaxtını keçirib və iş düşəndə gedib fərdi qaydada işləyib.
Ayın 13-də səhər saat 8 radələrində o iş yerinə getmək üçün evdən çıxıb, günortadan sonra onun mobil telefonuna zəng çatmayıb. Səhərisi gün tanış taksi sürücüsü ona, Azadın xəstəxanada olması barədə məlumat verib. Bundan 3 gün sonra isə, səhər saat 4-də oğlu xəstəxanada ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziya Məmmədquliyev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsi işi araşdıraraq Məmmədquliyevin şikayətini təmin etməyib, onun cəzası dəyişdirilmədən qüvvəsində saxlanılıb.
Mənbə:> ANSPRESS