Parkda qızla öpüşən oğlanı öldürən idmançıya- Ağır cəza
AzNews.info oxu.az-a istinadən xəbər verir ki, ötən il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 85 ünvanda Fərrux Zeynalov münaqişə zəmnində paytaxt sakini Elçin Dəmirova (1987-ci il təv.) döş qəfəsi nahiyəsindən bıçaqla üç xəsarət yetirib. Ağır yaralanan gənc Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.
İstintaqla müəyyən edilib ki, həmin gün Fərrux Zeynalov parkda məşq etdiyi zaman, Elçin Dəmirovun oturacaqda bir qızla əyləşib, öpüşdüyünü görüb və bunu sonuncuya irad tutub.
Zeynalov parkın yaşadığı əraziyə yaxın olduğunu, oradan qohum və qonşuların keçdiyini bildirib. O, Elçinə qızla başqa yerdə görüşməsini məsləhət gördükdə, Dəmirov bundan əsəbiləşib və Fərruxu söyüb. İlk söz mübahisəsi aralarında orada baş verib, bir qərara gələ bilməyən tərəflər mübahisəyə aydınlıq gətirmək üçün başqa yerdə görüşmək barədə razılığa gəliblər. Axşam saat 16 radələrində görüşərkən onlar mübahisəyə sülh yolu ilə son qoya bilmədiklərinə görə dava başlayıb, nəticədə üzərində olan bıçaqla Fərrux Elçinə zərbələr endirib və hadisə yerindən qaçıb.
Məhkəmə prosesində F.Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Elçin Dəmirovu qəsdən vurmadığını, sadəcə onun fiziki cəhətdən güclü olduğunu anladığı üçün əlini bıçağa atdığını bildirib və əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkmişin hüquqi varisi ifadə verərək, Zeynalova ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az