Sumqayıtda uşaq oğurlayan qadına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı çıxış edib. Vəkil Xırda Babayevaya şərti cəza verilməsini xahiş edib.
Xırda Babayeva isə son söz deyib. Təqsirləndirilən şəxs hakimdən jurnalistlərin zaldan çıxarılmasını istəsə də, hakim bildirib ki, açıq proses olduğundan bunu etmək mümkün deyil.
X. Babayeva bildirib ki, onu bağışlamasalar da, həmin uşağa hər bir yardım etməyə hazırdır.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, X. Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Mənbə:> APA