Qurban Qurbanov: Oyundan razı, nəticədən narazı qaldım
Məğlub olmaq istəməzdik. Amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən isə narazı qaldım.
Virtualaz.org-un məlumatına görə, bunu martın 23-də futbol üzrə Belarus yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Q.Qurbanov daha sonra bildirib: “Təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq. Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq. Milli komandada debüt edənlərdən razı qaldım. Araz Abdullayev və Elvin Yunuszadənin heyətdən kənarda qalması öz səhvlərinin nəticəsidir. Ancaq bu, elə böyük xəta deyil. Ola bilər ki, onlardan biri Antalyaya aparılsın, biri isə yox. Otelə qayıtdıqdan sonra dəqiq qərar verəcəyəm... Rəşad Sadıqov hələ futbol oynayır. Onun yerinə futbolçu axtarmaq ifadəsi ona görə düzgün səslənmir. Amma görsək ki, müdafiədə problem yaşayırıq, onu geri qaytara bilərik”.
Belarus yığmasının baş məşqçisi İqor Kriyuşenko isə bildirib: “Komanda uzun müddət idi rəhbərliyim altında qələbə qazana bilmirdi. Buna görə də, qalib gəlməyimiz çox vacib idi. Oyun zamanı topu özümüzdə daha çox saxlamağa çalışdıq. Bu, ilk dəqiqələrdə alındı. Ancaq sonradan arzuladığım oyunu görə bilmədim. Rəqib təzyiqi artırsa da, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etməyə çalışdıq. Bəzən istəyimizə çatdıq, bəzi epizodlarda isə alınmadı. Millimizin hazırkı heyətində yer alan oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Lakin bizdə çempionat hələ başlamayıb və oyunçuların çoxu formada deyil. Azərbaycanda isə əksinə, çempionat davam edir və oyunçular yaxşı formadadırlar”.
Qeyd edək ki, Azərbaycan-Belarus oyunu 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Mənbə:> Virtualaz.org