"Moldova ilə oyundan razı qaldım"
“Çətin oyun oldu. Bu gün futbolçulardan nəsə tələb etmək düzgün olmazdı”.
Virtualaz.org-un məlumatına görə, bunu Moldova ilə 0-0 bitən matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis matça şərh verərkən bildirib ki, futbolçularından razı qalıb: “Hücumlar etdik, yaxşı oynadıq. Rəqib müdafiədə oynadığı üçün çətinlik çəkirdik. Çatışmazlıqlarımız var, onları aradan qaldırmalıyıq. Futbolçular öz üzərilərində çox çalışmalıdırlar. Bakıya qayıdandan sonra hər bir futbolçu ilə tez-tez danışacağıq ki, yaxşı hazırlaşsınlar”.
Baş məşqçi bildirib ki, hər oyundan əvvəl psixoloji təzyiq olur və bu təbiidir. Amma oyun ərzində hər şey yaddan çıxır, oyuna köklənirsən: “Abbas Hüseynov? Digərlərindən fərqlidir, sürətli oyunçudur. Şansından yararlanmaq istəyirdi. Amma bu o demək deyil ki, millinin əsas futbolçusudur. Oyunundan razı qaldım. Bu səviyyədə qalmaq üçün çox çalışmalıdır. İnanıram ki, bu onun üçün stimul olacaq. Düşünürəm ki, daha yaxşı oynamalıdır.
Oyundan əvvəl biz razılaşdıq ki, altı əvəzetmə olacaq. Və mən bütün əvəzetmələrdən istifadə etdim.
Qol epizodları oldu. Amma Moldova futbolçularının bizi çox sıxdıqlarını deyə bilmərəm. Onların oyun üslubu əks hücumda oynamaqdır. Səhvlərimizə görə hücumlar etdilər. Yəqin ki, rəqiblərimizin baş məşqçisi komandasından razı qalıb, futbolçuları istədiklərini ediblər. Amma mən də futbolçularımdan narazı deyiləm.
Millətlər Liqasına gəlincə... Əlbəttə, çətin olacaq. Dediyim kimi, daha çox çalışmalıyıq. Komandanı tam formalaşdırdıqdan sonra bizim üçün hər şey yaxşı olacaq”.
Moldova yığmasının baş məşqçisi Aleksandr Spiridon isə jurnalistlərə bildirib ki, Azərbaycan yığması çox intizamlı komandadır: “Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi. Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə qazana da bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu...
Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddirlər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir.
O ki qaldı Millətlər Liqasına... çətin olacaq: həm sizin üçün, həm də bizim üçün. Bizi Lüksemburq, Belarus və San Marino ilə çətin oyun gözləyir. Sizin isə Kosovo və digərləri ilə matçlarda işiniz asan olmayacaq...”.
Mənbə:> Virtualaz.org