Qurban Qurbanov: Məğlub olmaqdan yox, azarkeşləri üzməkdən qorxmuşam
İtaliya komandalarına qarşı oynamaq çətindir. Çox istərdik ki, nəticə bizim tərəfdə olsun. Diqqətli olmağa çalışmalıyıq. Futbolçuların meydançada həddindən artıq diqqətli olmaları vacibdir. Sabaha qədər vaxtımız var və ən düzgününü etməyə çalışacağıq.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində dekabrın 8-də Bakıda İtaliyanın “Fiorentina” klubuna qarşı keçirəcəkləri VI tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
“Qrupda son oyunumuzdur. Hər bir oyun əvvəlkindən daha vacib olur. Əlimizdə şansın olduğunu yaxşı başa düşürük. Ancaq rəqibimiz “Fiorentina”dır”, - Q.Qurbanov qeyd edib.
O bildirib ki, “Fiorentina” ümumiyyətlə fərqli oyun nümayiş etdirir.
“Ola bilsin, hansısa müddətdə istədiyimiz oyunu göstərək. Amma rəqibin gücü və təcrübəsi bizə mane ola bilər. Yeni baş məşqçi gələndən komanda fərqli sistemdə oynayır. Mane ola biləcək tərəflər budur. “Böyük beşlik” ölkələrinə qarşı təcrübəmiz var. Amma mübarizədən qaçmırıq”, - baş məşqçi deyib.
Q.Qurbanov Rəşad Sadıqovun meydana çıxmasına şad olacağını bildirib. Lakin baş məşqçi qeyd edib ki, qərarı futbolçu özü verməlidir.
Sonda Q.Qurbanov əlavə edib ki, məğlub olmaqdan yox, sadəcə, azarkeşləri üzməkdən qorxub:
“Bəzən idmançı məğlub olmaqdan qorxmur. Biz nə qədər çox istəsək də, azarkeşlərimiz daha çox istəyir. Biz də onları üzmək istəmirik və qələbəyə çalışırıq. Məğlub olmaqdan qorxmamışam, sadəcə, azarkeşləri üzməkdən qorxmuşam”.
Mənbə:> Oxu.Az