Cüdoçularımız 9 medal qazandılar
Fevralın 13-də Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa kuboku başlayıb.
Oxu.Az xəbər verir ki, yarışların ilk günü idmançılar 60, 66 və 73 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Vüqar Şirinli ilk qarşılaşmasını uğurla başa vuraraq yarımfinala yüksəlsə də, bu mərhələdə avstriyalı idmançı, 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş medalçısı Ludviq Payşerə məğlub olub.
Bürünc medal uğrunda qarşılaşmada V.Şirinli qırğız cüdoçu Otar Bestayev üzərində inamlı qələbə qazanaraq üçüncü yer tutub.
İspaniyanın Fuenxirola şəhərində isə cüdo üzrə gənclər arasında Avropa kuboku yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.
Oxu.Az xəbər verir ki, oğlanların yarışında 50 kq çəki dərəcəsində Rövşən Əliyev, 55 kq çəki dərəcəsində Vüsal İbrahimov, 60 kq çəki dərəcəsində isə Elçin Hüseynov qızıl medal qazanıblar. Rüfət Məmmədov, Yaşar Nəcəfov və Murad Fətiyev isə bürünc medallara layiq görülüblər. Qızlardan Şəfəq Həmidova 44 kq çəki dərəsində gümüş, Gültac Məmmədəliyeva isə 48 kq çəkidə bürünc medal əldə ediblər.
Yarışın ilk gününün nəticələrinə görə Azərbaycan komandası 8 medalla şəriksiz liderdir. İkinci və üçüncü yerlərdə İspaniya və İtaliya komandalarıdır.
Mənbə:> Oxu.Az