Gənc güləşçi qızlarımız dünya çempionatında ikinci oldular
Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
Gənc güləşçı qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edirlər.
Yarışın üçüncü günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.
Oxu.Az xəbər verir ki, yarışların dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Güləşçilərimiz günü 2 gümüş medalla başa vurublar.
Çempionatda 63 kiloqram çəki dərəcəsində yarışan Raqnetta Qurbanzadə mübarizəyə dörddəbir finaldan başlayıb. Macarıstan və İsveçdən olan rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda rusiyalı idmançıya uduzan R.Qurbanzadə gümüş medalla kifayətlənib.
Səbirə Əliyeva (72 kq) isə Ukrayna, Rusiya və Qazaxıstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşdə məğlub olub və dünya çempionatının gümüş medalına yiyələnib.
Beləliklə, gənclərin dünya çempionatında qızların mübarizəsi başa çatıb. Ümumilikdə, 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz komanda hesabında 47 xalla Yaponiyadan (66 xal) sonra ikinci sırada qərarlaşıblar. Aktivində 47 xal olan Rusiya komandası isə medalların əyarına görə üçüncü yeri tutub.
Dünya çempionatının ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz də 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq yarışı komanda hesabında ikinci sırada başa vurub.
Mənbə:> Oxu.Az