Avropa çempionatında daha 2 medal qazandıq – VİDEO
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, ilk dəfə keçirilən yarışda 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.
53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və Avropa çempionatının bürünc medalına sahib olub.
63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb.
Gənclər arasında dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Səbirə çempionatı beşinci sırada tamamlayıb.
Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.
53 kq
1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10
1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)
1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2
Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə 11:12
63 kq
1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5
Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova 0:3
75 kq
1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13
Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN) 2:8
Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
59 kq
1/8 final - Eldəniz Əzizli - Beliak Yahor (BLR)
71 kq
1/16 final - Mixal Kosla (POL) - Ceyhun Əliyev
80 kq
1/8 final - Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov
98 kq
1/4 final - Orxan Nuriyev - Yevgeniy Saveta (UKR) / Peter Ohler (GER)
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev və Nurməhəmməd Hacıyev) və 2 bürünc medal (Məhəmməd Müslümov və Əli Maqomedabirov) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik) və 2 bürünc medal (Solmaz Həşimzadə) və Elmira Qəmbərova) qadın güləşçilərin payına düşüb.
Mənbə:> ANSPRESS