Roman Qriqorçuk: "Komandamın oyununa görə utanıram" – VİDEO
“Bu gün müdafiədə çox kobud səhvlər etdik. Yəqin ki, müdafiəçilərdən soruşsam, onlar da nə baş verdiyini izah edə bilməyəcəklər”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Premyer Liqanın XIII turunda “Sumqayıt”la 2:2-lik bərabərə qaldıqları oyunu belə şərh edib: “Daha əvvəl, məsələn “Kəpəz”lə oyunda sonda buraxılan səhvi anlaya bilərəm. Çünki oyunun son dəqiqələri idi. Heç-heçə etdik, ya uduzduq - həmin oyunda bizim üçün bunun fərqi yox idi. Ona görə də elə səhvləri anlamaq olar. Amma bu gün... komandamın oyununa görə utanıram. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı. Mən hələ qola qədər əvəzetmədən istifadə edəcəkdim. Sadəcə, çatdırmadım. Bəlkə də əvəzetməni tez etsəydik, qol da buraxmazdıq. Əvvəlki oyunlarda komandam yaxaladığı qol epizodlarından yararlana bilmirdi. Bu gün isə əksinə oldu. Demək olar ki, 2 epizod oldu və hər ikisində qol vuruldu”.
Qriqorçuk qeyd edib ki, komandası belə oyunla çempion ola bilməz: “Bu gün xeyli sayda zədəli oyunçularımız var. 3 hücumçumuz meydana çıxmamışdı. Amma bütün bunlar bəhanə deyil. Son oyunlarda xallar itiririk. Bunları bərpa etmək üçün şansımız olacaq. Lakin belə oyunla biz çempionluğa iddia edə bilmərik. “Qarabağ” son oyunlarda inamlı çıxış edir”.
“Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi”. Bu sözləri isə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qəbələ” ilə oyundan sonra deyib.
Gənc məşqçi 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib: “Problemlərimiz var. Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır. Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır”.
Mənbə:> Futbolxeber.az