Dünyanın istənilən yerindən İnternetə qoşula bilərsiniz
"Alcatel" şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün "HH40V" portativ marşrutlayıcısını təqdim edib. "Qualcomm MDM9207" çipi üzərində qurulan qurğu bütün şəbəkə standartlarını, o cümlədən "4G" şəbəkəsini dəstəkləyir. Bundan başqa, marşrutlayıcını naqilli "Ethernet" qoşulması vasitəsilə istifadə etmək olar.
AzNews.info ICTnews-a istinadən bildirir ki, "Alcatel HH40V" iki "Ethernet" portu və 150 Mbit/saniyə yükləmə sürətinə malik "4G LTE" modulu ilə təchiz edilib. Yeni qurğu "Wi-Fi" şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/saniyə sürətində paylayır.
Məlumata görə, daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün "Alcatel HH40V" marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür. Məsələn, kabel vasitəsilə əlaqə itən zaman "4G" qoşulma avtomatik aktivləşir. "LTE" siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir.
Mənbə:> ICTnews.az