Piylənmə dünyaya ildə 2 trilyon dollara başa gəlir
Qlobal piylənmə dünyaya, əsasən də sağlamlığı qorumaq və istehsalat əmək qabiliyyətinin azalmasına görə, ildə 2 trilyon dollara başa gəlir.
Oxu.Az xəbər verir ki, bunu McKinsey Global Institute konsaltinq şirkətinin araşdırmalarının nəticələri göstərir.
Göstərilən məbləğ İtaliya və Rusiya kimi ölkələrin illik ÜDM-nə bərabərdir. İnsan tərəfindən yaradılan iqtisadi yüklər siyahısında piylənmə siqaret çəkmə və silahlı münaqişələrdən (hər ikisi bəşəriyyətə ildə 2,1 trilyon dollara başa gəlir) sonra üçüncü yeri tutur.
Konkret dövlətlərə görə göstəricilər dəyişə bilər. Məsələn, ABŞ-da piylənmə (illik 663 milyard və ya ÜDM-nin 4,1 faizi) iqtisadiyyata təsirinə görə silahlı münaqişələrdən sonra ikinci yerdədir. Böyük Britaniyada piylənmə (73 milyard və ya ÜDM-nin 3 faizi) yalnız 90 milyard və ya ÜDM-nin 3,6 faizi olan siqaret çəkmədən geri qalır.
2013-cü ildə Sağlamlığın Ölçülməsi və Dəyərləndirilməsi İnstitutunun (Institute of Health Metrics and Evaluation, IHME) rəhbərliyi altında, Sietldə Vaşinqton ştatının Universitetinin apardığı beynəlxalq araşdırmanın, The Lancet-də dərc edilmiş nəticələrinə görə, piylənmənin bu və ya digər dərəcəsindən 2,1 milyard insan, təxminən Yer kürəsinin 29% əhalisi əziyyət çəkir. Son 35 ildə bu rəqəm gözəçarpacaq dərəcədə artıb – 1980-ci ildə piylənmədən əziyyət çəkənlərin sayı 857 milyon idi.
Ekspertlərin hesablamalarına görə alkoqolizm dünyaya daha ucuz başa gəlir – onun iqtisadi təsiri McKinsey tərəfindən illik 1,4 trilyon dollar kimi dəyərləndirilir.
Mənbə:> Oxu.az