Göylər eşqim qədər mənə əzizdir... » AzNews.info -Xəbər portalı

Göylər eşqim qədər mənə əzizdir... – FOTO

Göylər eşqim qədər mənə əzizdir...


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illik yubiley tədbiri keçirilib.

Tədbir “Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli Sərəncamı əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nəbi Xəzrinin həyat yolu və yaradıcılığından söz açıb.

Bildirilib ki, Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.

Xalq şairi Səməd Vurğunun xeyr-duası ilə ədəbiyyata gələn Nəbi Xəzrinin Azərbaycan poeziyasına dəyərli töhfələri aktuallığı ilə diqqəti cəlb edir. Onun yaradıcılığı, poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Qeyd edilib ki, altmış ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir.

Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.

Ə.Qarayev vurğulayıb ki, Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva Nəbi Xəzri yaradıcılığını müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən biri kimi qiymətləndiriblər.

Atasının yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirən Arzu Babayev atası barədə xatirələrini bölüşüb.

Tədbirdə Nəbi Xəzrinin şeirləri səsləndirilib və sözlərinə yazılmış mahnılar sevilən müğənnilərin ifasında təqdim olunub.

Göylər eşqim qədər mənə əzizdir...
Göylər eşqim qədər mənə əzizdir...
Göylər eşqim qədər mənə əzizdir...
Göylər eşqim qədər mənə əzizdir...
Göylər eşqim qədər mənə əzizdir...
Göylər eşqim qədər mənə əzizdir...

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *