“Bizi zorlayır, sonra da başqalarına ötürürdülər...”
“Biz ayaq üstə güclə dayanarkən onlar baxırdılar ki, hansımız gözəlik, hansımızın beli incədir, ya gözəl gözü, saçı var, üzü gözəldirmi... Zorlayıb, sonra da başqasına ötürəcəkdilər”.
Bu, İraqın Kürdüstan regionundan, Sincardan olan 28 yaşlı yezidi qadın Qəzalanın dəhşətli xatirələridir. O, “İslam Dövləti” (İŞİD) yaraqlılarına əsir düşüb.
Təhlükəsizlik səbəbindən şərti adla çağırılan Qəzala və bacısı Narin ekstremist qrupların Suriyada de-fakto paytaxtları olan Rəqqada 9 ay saxlanıblar. Onlar kölə kimi satılıb, İŞİD yaraqlılarına xidmətə məcbur ediliblər.
Bacılar bir fəal və biznesmenin köməyi ilə əsirlikdən xilas olaraq Duhok şəhərinin qaçqın şəhərciyinə gedə biliblər. Onlar başlarına gələnləri də orada “Azadlıq” radiosunun İraq xidmətinə danışıblar.
2014-cü il avqustun 3-nü yezidi camaatı heç vaxt unutmayacaq. Məhz həmin gün İŞİD yaraqlıları Sincara hücum edib qadın və uşaqları oğurladı, 200 min adamı ev-eşiyini buraxıb qaçmağa məcbur etdilər.
Qəzala və onun 4 bacı-qardaşı panika içində qaçıb. Valideynləri illər öncə ölən yetimlər qərara alırlar ki, yaxın dağda yaşayan əmilərinin evinə getsinlər. Ancaq İŞİD onları orda yaxalayır.
“Burada 100-ə yaxın qohum-əqrəba idik. Onlar hücum edib hamımızı - kişiləri, uşaqları, qızları, hətta qoca qadınları əsir götürdülər” - Qəzala həmin dəhşətli günü belə xatırlayır.
Qaçırılandan bir gün sonra Qəzala və onun qohumlarını Sincardan 52 km aralıda yerləşən Tal-Aftara, oradan da Mosula apararaq həbsxanaya salıblar.
“Burada çoxlu qadın və uşaq vardı, 5 gün onlar bizə kömək etdilər” - Qəzala bildirir.
Onun dediyinə görə, yaraqlılar əvvəlcə 7 yaşlı oğlanları, sonra yaşlı qadınları naməlum yerə aparıblar. Qızlar üçün ayrı avtobus gətirib Tel-Afardakı məktəbə aparıblar. Sonradan isə Qəzalanı, bacısını və qalan gənc qızları Rəqqaya aparıblar. Burda onları seks kölə kimi tərkibində xarici döyüşçülər olan yaraqlı qruplara satıblar.
“Hər saatda İŞİD yaraqlıları gəlirdi. İki, üç, dörd, beş, altı, yeddi olurdular. Onlar əllərində iri çubuqla qapını açıb ayağa durmağımızı istəyirdilər. Dura bilməyəni rəhmsizcəsinə döyürdülər” - Qəzala deyir.
Qəzala bildirir ki, yaraqlılar qızlara müvəqqəti maraq göstərir, onları zorlayır, sonra da başqa yoldaşlarına ötürürdülər.
O, xatırlayır ki, bacıları və yeniyetmə qohumu ilə birgə Homs valisinə hədiyyə kimi göndərilib. Hələ Rəqqada vali onlara deyib ki, vəzifələri ona xidmət etməkdir: “Dedik ki, xidmətinizdə durarıq, ancaq bizimlə evlənmə”.
Qəzala valinin gecə necə gəlib onları qaranlıq binaya apardığını təsvir edir. Ancaq onlar burada bir gecə qalıblar. Sabahısı vali onu və bacısı Narini Homsa aparıb. Burda isə qızlar valinin şəxsi kölələri olurlar.
“O qızların taleyi necə oldu bilmirəm” - Qəzala deyir.
Ancaq tale burda da onu rahat buraxmır. 60 yaşlı İŞİD-çi onu dilə tutmaq istəyir ki, evlənsin, ancaq razılaşmır. Qocanı özünü öldürəcəyi ilə hədələyir. Qızlar yenidən başqalarına satılırlar.
“İŞİD yaraqlılarının verdiyi əzablara dözmək mümkün deyildi. Bacım yanımda olmasaydı, özümü öldürərdim” - Qəzala deyir.
Onları Abu-Shujaa adlı bir fəal və biznesmen xilas edir. Qəzala deyir ki, ancaq başqa yezidi qadınlarının İŞİD-dən xilas olma şansları yoxdur.
Yezidi fəalı isə qızları nə cür xilas etdiyini açıqlamayıb.
Qəzala deyir ki, iki qardaşının öldü-dirisindən xəbəri yoxdur. Qızlar indi psixoloji reabilitasiya alırlar. Keçirdiyi əzablar Narində psixoloji iz qoyub.
Qəzala dünyaya üzünü tutub xahiş edir ki, İŞİD əsarətində olan uşaqların, qızların, qadınların, kişilərin xilasına çalışsınlar.
Mənbə:> Virtualaz.org